Bu il Beynəlxalq Millətlər Təşkilatının İqlim dəyişikliyi ilə bağlı qlobal forumu Bakıda keçiriləcək. Əlamətdar və mühüm tədbirlə bağlı bir neçə yazıda sizə geniş məlumat vermişik. Əsas məqsədimiz konfransın idmanla əlaqələrini geniş auditoriya izah etməkdir.

Bu gün dünyanı idmansız təsəvvür etmək mümkün deyil. Planetimizin bütün sahələrinin idmanla əlaqəsi mövcuddur. Qlobal istiləşmə də planetar problem olduğuna görə, idmana təsiri və əksinə, idmanın bu məsələdə rolu şübhəsizdir.

Bir sıra idman növlərində Yer kürəsi qarşısındakı problemin ciddiliyi tam şəkildə anlaşıldığına görə, bu problemlərin həlli yolunda əməli addımlar atılmağa başlayıb. İlk növbədə texnika ilə daha yaxın olan növlərdə vəziyyətin hansı səviyyədə olduğu anlaşılır. Bunlar arasında ilk növbədə ağla Formula 1 gəlir.

Artıq neçə ildir ki, yarışlarda ekoloji təmizliyə doğru qaydalar tətbiq edilir. Xüsusilə də yanacağın ekoloji cəhətdən təmiz olması yönündə ciddi irəliləyişlər var. Ancaq hər nə qədər irəliləyiş olsa da, Formula 1 bu mənada Formula E-yə çata bilməyəcək. Tam olaraq elektrik avtomobillərinin mübarizəsi, zəmanəmizlə ayaqlaşan ilk çempionatlardan biridir. Məhz buna görədir ki, orada çalışan insanların əksəriyyəti ekoliji aktivistlərdir.

Məlum olduğu kimi, Azərbaycanda Formula 1 üzrə qran-pri keçirilir. İldən-ilə bu sahədə çalışanların özləri də ekolji təmizliyə doğru addımların vacibliyini vurğulayırlar. Bu mənada yarışanlar və azarkeşlər arasında da ciddi təbliğat işi aparılmalıdır. Misal üçün, əsl Formula 1 fanatı, nə qədər çalışsa da, elektrik avtomobillərinin mübarizəsindən zövq ala bilmir. Çünki onun təsəvüründə bolidin mühərrikindən səs gəlməli, yanacaq və yağlardan əvvəlki qaydalarda istifadə edilməlidir. Lakin problemin ciddiliyi aydın şəkildə izah edilsə, belə fanatların sayı da gündən-günə azalacaq.

COP-un əsas funksiyalarından biri budur. Fikrimizcə, bu il Bakıda keçiriləcək 29-cu konfransda bu mövzuya xüsusi diqqət ayrılmalıdır. Çünki təbliğatda əsas məqsəd, daha çox insanın problemə yaxından yanaşmasına nail olmaqdır. Bu planeti xilas etmək üçün təkcə konfransda iştirak edənlər, ekoloji fəallarla iş bitmir. Bu məsələdə hər kəs eyni düşüncədə olmalıdır.

İdman sahəsində belə addımlarla diqqəti çəkən, hətta öz hərəkətləri ilə karyeralarına zərbə vuran atletlər var. Elə idmançı var ki, dünyada əks-səda doğurmaq və insanları ayıltmaq üçün hansısa bir yarışdan imtina edir. Halbuki, onlar iştirak edərək qalib ola və kifayət qədər mənfəət götürə bilərdilər.

Buna misal kimi, 17 yaşlı İnnes Fitsjeraldı qeyd edə bilərik. Britaniyalı atlet təyyarə ilə yarışa getməyi, qlobal istiləşmənin bir qədər də sürətlənməsi kimi qiymətləndirərək imtina edib. Bu hal keçən il Dubayda keçirilən COP-da xüsusi olaraq qeyd olunub. Bunu səsləndirməklə konfransda iştirak edənlər hər bir kəsin zərrə qədər də olsa, öz töhfəsini verməyin vacibliyini vurğulamaq istəyiblər.

Izzy 19744190 - Futbolinfo.az

Bir qədər əvvəl Formula 1 və Formula E haqqında danışdıq. Maraqlıdır ki, əlavə uçuşlar və balanslaşdırılmamış təqvim yarışların ən böyük problemlərindən sayılır. Təsəvvür edin ki, idmançılar və avadanlıq bir neçə dəfə okeanın o tayına, sonra Yaxın Şərqə, Cənub yarımkürəsinə və yaxud da Asiyaya yollanır. Bütün bunların hamısı həm maliyyə məsrəfi, həm də əlavə təyyarə reysləri deməkdir. Konfranslarda məhz belə hallar qabardılmalıdır. Federasiyalar və təşkilatçılar qarşısında təqvimlərə daha ağılla yanaşmaları tələb qoyulmalıdır.

Güman edirik, paytaxtımızda keçiriləcək konfrans bu baxımdan da inqilabi olacaq. İdman dünyasının qlobal problemin həllinə qoşulması daha ciddi forma daşımağa başlayacaq.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: