AFFA-nın yeni rəhbərliyi yavaş-yavaş əvvəlkilərə oxşamağa başlayır. Aparılacaq kadr islahatlarının anonsundan bəlli olur ki, dəyişən sadəcə, adlardır. Futbolda hakimiyyət bir klanın əlindən başqa bir klana keçib.
Hakimlər Komitəsində ediləcək dəyişikliklər, milli komandaya baş məşqçi təyinatı, eləcə də digər sahələrlə bağlı gözlənilən qərarlar yaxşı heç nə vəd etmir. Əcnəbi sevgisi, dost-tanışların vəzifələrə yerləşdirilməsi, rusdillilərə üstünlük verilməsi və s. daha acınacaqlı durumun xəbərçisidir.
Rövşən Nəcəfin adı prezidentdir, bütün məsələlər Balakişi Qasımov – Maqsud Adıgözəlov cütlüyünün ssenarisi üzrə həll olunur, Sərxan Hacıyevi isə məsuliyyəti boynuna yıxmaq üçün vəzifəyə əyləşdiriblər. Tezliklə İqor Ponomaryov Cahangir Həsənzadənin postuna əyləşdiriləcək və bu addımla Elşad Nəsirovun da könlü xoş ediləcək.
Dəyişikliklərin ideoloqu olan Balaş bəy (Balakişi Qasımov) Mikayıl Cabbarovdan aldığı tam səlahiyyətlə AFFA-nın əsas idarəçisidir. Və o, məqsədli, məkrli məsləhətçilərinin ideyalarını həyata keçirməyə başlayıb. Çox təəssüf ki, ciddi, inkişafyönəlik islahatlar aparacağına böyük ümid bəslənən Qasımov Elşad Nəsirov – Elxan Məmmədov cütlüyünün azərbaycanlılara qarşı siyasətini davam etdirir.
Klublar Komitəsinin son iclasından ortaya çıxan qənaət budur ki, yeni mövsümdən legioner limiti 8+3 şəklində dəyişdiriləcək, əvəzedicilər çempionatı ləğv olunacaq. Belədə faktiki Premyer Liqada 30 azərbaycanlı forma geyə biləcək, onları əvəz etməli olanlar isə aşağı liqalarda sürünəcək. Milliləşən futbolçuları da hesablasaq, azərbaycanlı balalarının üzünə bütün qapılar bağlanacaq.
Aylardır, illərdir limiti dəyişməyə çalışan məlum qrup ölkə futbolunda faktiki hakimiyyəti ələ alandan sonra istəklərini reallaşdırmağa başlayıb. Klublarda yerlilərin sayı azaldılacaq, milli komandalar əcnəbilərə tapşırılacaq, bir sıra komitə və departamentlər gəlmələrə həvalə ediləcək. Kəsəsi, yeni yerli futbolçular,məşqçilər, mütəxəssislər kənarda qalacaq.
Artıq Cabbarovun söz sahibi olacağı vədi ilə İcraiyyə Komitəsinə gətirdiyi Qurban Qurbanovun fikirləri dinlənilmir, kuratorun qohumları istədiyi havanı çalır, qərarları da İcraiyyə Komitəsində qəbul etdirəcəklər. Çünki dost-tanışı bu komitəyə salmaqla səsvermədə lazımi səs çoxluğunu təmin etmək imkanı qazanıblar. Uğursuzluqlar sıralananda isə hər şey formal prezident Nəcəfin və icraçı vitse-prezident Hacıyevin boynuna yüklənəcək.
Kəsəsi, bütün bunların reallaşmasının qarşısı alınmasa, AFFA-dakı yenilər köhnələrin tayı olacaq. Azarkeşlər, futbol ictimaiyyəti, mətbuat hər şeyi görür və tənqidlər zamanla Mikayıl Cabbarova yönəlsə, onun müsbət imici zədələnməyə başlasa, kimsə təəcüblənməsin. Çünki onun etimad göstərdiyi adamların heç bir planı, inkişaf strategiyası, konsepsiyası yoxdur, sadəcə, öz adamlarını postlara təyin edir, kosmetik dəyişikliklər aparırlar. Azərbaycan futbolunun isə baxış bucağının dəyişilməsinə ehtiyacı var.
VÜSAL MAHMUDOV