Elmar Baxşıyev də “Araz-Naxçıvan”ı xilas edə bilmədi. Yeni baş məşqçinin təyinatı ilə silkələnəcəyi gözlənilən debütant bu dəfə darmadağın olmaqla azarkeşlərini üzdü.

Əslində, “Neftçi” ilə səfər oyununda xalsız qalmaq gözləniləndir. Amma məhz məşqçi dəyişikliyindən sonra komandanın müsbət siqnallar verməsinə ümid var idi. Dünənki oyunda bunu görmədik, bakılılar üstün oyun sərgiləyib layiq olduğu qələbəni asanlıqla qazandı.

Bir gün öncə “Sumqayıt” – “Zirə” oyununun qolsuz bərabərliklə bitməsi “Neftçi”yə yenidən ikinci pilləyə qayıtmaq imkanı verdi. Bununla liderlər qrupunda vəziyyət daha da gərginləşdi. Lider “Qarabağ”ın əsas izləyicisi olmaq üçün mübarizənin son turlaradək gedəcəyi dəqiqdir.

Avrokuboklara vəsiqə uğrunda mübarizənin kəskinləşməsinə “Turan Tovuz” da töhfə verəcək. Qərblilər bu mövsüm oyununun alınmadığı “Qəbələ” ilə görüşdə qızıla bərabər 3 xal qazandı. Matçın əvvəlində penaltini boşa verən, daha sonra hesabda geri düşən Ayxan Abbasovun yetirmələri əla əzmkarlıq göstərdilər. 81 və 90+5-ci dəqiqədə vurulan qollarla turnir cədvəlində irəliləyən tovuzlular, rəqiblərinin büdrəməsindən də faydalanır.

Əvəzində Qəbələ klubu növbəti məğlubiyyətlə olan-qalan ümidini də dəfn etdi. Kaxaber Sxadadze nəinki xilaskar ola bilmədi, əksinə, dünənki matçda yanlşı əvəzetmələri ilə rəqibin təzyiqi rtırıb dönüş etməsinə də yardımçı oldu. Gürcü çalışdırıcı Azərbaycanda ötən illərdə qazandığı uğurları komandanı I Liqaya aparmaqla kölgəyə atacaq.

“Araz-Naxçıvan”ın avrokubok ümidləri də bitmək üzrədir. Uğursuz nəticələr sıralanınca əsas rəqiblər irəli qaçır, komanda özü isə autsayderlər qrupunda möhkəmlənir. Bu gün “Sabah” və “Səbail” naxçıvanlılarla xal fərqini bir az da artıra bilər.

Möcüzə baş verməsə, Konfrans Liqasına vəsiqələr uğrunda mübarizə 6 komanda arasında gedəcək. “Qarabağ” çempionluğu təmin edib, “Qəbələ” taleyi ilə barışıb, “Araz-Naxçıvan”la “Kəpəz” bir-birini üstələməyi fikirləşir. Qalanlar isə 2-4-cü yerlər uğrunda mübarizə aparır. Yalnız “Qəbələ”nin ölkə kubokunu qazanması vəziyyəti dəyişə bilər ki, bu da inandırıcı deyil.

FƏRİD

Shares: