“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:3 hesabıyla məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı, Krunoslav Renduliçi təbrik edirəm. Məğlub olduq, bunu qəbul edirəm. Bəlkə də oyuna daha ciddi yanaşmalı idik. Deməzdim ki, məşqlərdə arxayınlıq var idi. Çox yaxşı məşqlərimiz oldu. “Sabah”da istək daha çox idi. Bəsit qollar buraxdıq. Belə oyunların bizə faydası olur. Hər bir halda məğlub olmuşuqsa, deməli bu gün yaxşı deyildik. Qarşıdakı oyunlara daha məsuliyyətli hazırlaşacağıq.

Bu il “Sabah”la bütün oyunlarımız maraqlı oldu. Əllərinə düşən şanslardan istifadə edə bilirlər. Amma bir rəqibdən bu qədər top buraxmaq olmaz. Bəlkə də “Sabah”la matçlar futbolçuların idman formasından uzaq olduğu perioda düşür. Amma hər bir halda mən bunu qəbul etmirəm. Daha diqqətli olmalıyıq. Azarkeşlərimiz də bizdən yaxşı oyun, qələbə gözləyir. Hər oyunda maksimum nəticə istəyirik. Məğlubiyyət futbolun silinməyən qanunlarındandır.

Böyük futbol ölkəsi olmaq üçün əvvəlcə komanda sayı artmalıdır. Buna ehtiyac var. Futbolu sevdirmək lazımdır. Bu gün oyunlarımıza 2000-3000 azarkeş gələndə sevinirik. Komanda sayı çox olsa, azarkeş kütləsi də artacaq. Bunlar çox vacibdir. Amma bundan da vacibi keyfiyyətdir. Düzgün qərar verilməlidir. Çətinliklər həmişə olur. Gedişatda bunu düzəltmək olar. Yaxşı layihə qurulsa, futbolu canlandıra bilərik. Sabah 4-5 komanda çempionata gələcəksə, onların problemi olmayacaqsa, böyük məmnuniyyətlə buna razıyam. Niyə bizdə 16-18 komanda olmasın? Bir komandaya qarşı 4 dəfə oynamaq azarkeş üçün bəlkə də maraqlıdır. Amma bizim üçün maraqsızdır. Kuboku da nəzərə alsaq, 6 dəfə olur. Futbolçuların bir-birini görməkdən zəhlələri gedir”.

Shares: