“Səbail” daha bir ciddi zərbə aldı. Bu il ev oyunlarında xüsusilə çox büdrəyən “dənizçilər” autsayderi yenə bilməməklə avrokuboklara vəsiqə qazanmaq şansını təhlükəyə atdı. “Sabah”ın irəli qaçması azmış kimi “Turan Tovuz”la da 3 xallıq fərq yarandı.

Sona 6 tur qalarkən Konfrans Liqasına yollanmaq istəyənlər üçün hər xal qızıla bərabərdir. Bu baxımdan “Səbail”in son dəqiqələrdə buraxdığı qol vacib iki xalın əldən çıxmasına səbəb oldu. İnadkar “Kəpəz” 8-ci yeri tutmaq üçün hər fürsətdən yararlanmağa çalışır, mümkün olanı edir. Gəncə stadionu təmirə bağlandığından, faktiki bütün matçları qonaq kimi keçirən “dağlılar” taleyi ilə barışıb, amma Adil Şükürovun qazandırdığı özünəinam sayəsində Premyer Liqanı tərk etmək təhlükəsindən qurtulmaq üzrədirlər.

Dünənki matç qəribə ssenari ilə keçdi. “Kəpəz” ilk hissədə ardıcıl 2 qol vurub qələbəyə xeyli yaxınlaşmışdı. Lakin “Səbail” fasilədə toparlanıb vəziyyəti dəyişməyi bacardı. Komanda qələbəni bayram etməyə hazırlaşdığı vaxt Mate Kvirkviyanın vurduğu gözəl qol isə meydan sahiblərinin qol-qanadını qırdı. Bu il hakimlərin köməyi olmadan qələbə qazanmağı bacarmayan Bayıl təmsilçisi yenə eyni aqibəti yaşadı.

Artıq komandanın gözəl oynaması barədə nağıllar da inandırıcı deyl. Gözəl oyun gec-tez nəticəsini verir. “Səbail”in oyunu isə bəzən baxımlı alınır, lakin balanslı deyil, bu qədər xal itkləri varsa, deməli, heyət yaxşı komplektləşməyib. Xeyli legionerin əsas heyətə düşə bilməməsi seçimlərlə də bağlı suallar yaradır. Əvəzində büdcəsi paytaxt təmsilçisinin yarısı qədər olan, bununla belə, sıradan futbolçuların komanda halında birləşdiyi “Kəpəz” sürprizləri sıralayır. Komandanın doğma stadionu olsaydı, indi “Səbail”də 3-cü məşqçi kimi çalışan Azər Məmmədov Gəncə klubunun başında mövsümün əvvəlini boşa verməsəydi, bəlkə də nəticələr daha yaxşı olardı.

“Səbail”ə daha bir zərbə turun son matçında vuruldu. “Sabah” “Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyasını qırıb turnir vəziyyətini yaxşılaşdırdı. Çempion üzərində qələbə ekstra xallar gətirdiyindən, Krunoslav Renduliçin yetirmələri avrokuboka vəsiqəyə daha çox ümidlənəcək. Bununla belə, komanda sabit çıxış etməyi bacarmasa, dünənki qələbənin önəmi qalmayacaq.

“Qarabağ”a gəlincə, çempionluğu erkən təmin etdikdən sonra, motivasiyanın qalmadığı bir zamanda hər matça eyni istəkdə çıxmaq olmur. Düzdür, ağdamlılar yenə mümkün qədər diqqətli oynamağa çalışdı, lakin rəqibin əzmkarlığı, istəyi nəticədə həlledici amil oldu. Yalnız bu şəkildə mübarizə əzmi ilə “Qarabağ”dan xal almaq mümkündür.

Çempionat həlledici mərhələyə qədəm qoyub. Növbəti turlar “Qəbələ”nin Premyer Liqanı tərk etməsini rəsmiləşdirməklə yanaşı avrokuboklara iddialıların durumuna daha da aydınlıq gətirəcək.

FƏRİD

Shares: