“Səbail” rəhbərliyi yenə qəzəblənib. Komandanın uğursuz nəticələri, daha az büdcəli rəqiblərlə oyunlarda itirilən xallar, xüsusilə ev oyunlarındakı büdrəmələr narazılığa səbəb olub.

Sponsorlar cavabdeh şəxsləri təcili iclasa çağırıb. Ötən həftələrdə idarəçilərə və məşqçi heyətinə barmaq silkələyən rəhbərlik, avrokuboklara vəsiqə əldə edilməyəcəyi halda daha sərt addımlar atacaq. Mövsümün sonunda klubda ciddi islahatlar aparılacağı gözlənilir.

AFFA-nın sabiq vitse-prezidenti Elxan Məmmədovun “xeyir-duası ilə” idarə olunan komanda ardıcıl iki mövsümdür fiasko yaşayır. Ötən mövsüm son anda Premyer Liqada qalmağı bacaran “dənizçilər” indi də əsas hədəf olan avrokuboklardan uzaq düşüb. Büdcə bunun üçün nəzərdə tutulsa da, komanda gözləntiləri qarşılamır. Ona görə də qarşıya qoyulan vəzifə yerinə yetirilməsə, “Səbail” yayda tamamilə yenilənəcək.

Komandanın topladığı xalların böyük hissəsi hakimlərin sayəsində hesaba yazılıb. Bu əməllər ifşa olunandan, ictimai təzyiq artandan sonra AFFA rəhbərliyi nəzarəti gücləndirib. Belədə xal itkiləri sıralanır və Məmmədovun tövsiyyəsi ilə iş başında olanların kreslosu laxlayır. Növbəti 6 turda vəziyyət dəyişməsə…

Shares: