Misli Premyer Liqasının 30-cu turu bolqollu alındı. Azarkeşlər bu tur 17 qol izlədilər və bu qədər qol 4 matçda vuruldu. Çünki “Sumqayıt” – “Zirə” qarşılaşmasından yenə qol səsi çıxmadı.
“Zirə”yə qalib gələ və qol vura bilməyən “Sumqayıt”
Tura məhz “Sumqayıt” və “Zirə” komandalarının oyunu ilə start verildi. Son görüşlərlə müqayisədə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna bu dəfə daha çox azarkeş gəlmişdi. 4500 tamaşaçının izlədiyi qarşılaşmada komandalar daha çox ehtiyatlı oyuna üstünlük verdilər.
“Sumqayıt” bunadək cari mövsümdə “Zirə” ilə keçirdiyi 3 oyunun heç birində nə qələbə qazana, nə də qol vura bilmişdi. Əvvəlki oyunların ikisində qolsuz bərabərlik qeydə alındığı halda, birində “Zirə” 1:0 hesablı qalibiyyətə sevinmişdi. Odur ki, Samir Abasovun yetirmələri “doğma divarlar” önündə keçirilən matçda tilsimi qırmaq istəyirdilər. Lakin “Sumqayıt”ın “Zirə” ilə matçlardakı uğursuz seriyaları bu görüşdə də davam etdi.
O qədər də maraqlı keçməyən ilk hissədə qonaqlar daha fəal idilər. İkinci hissəyə isə “Sumqayıt” daha istəkli başladı. 50-ci dəqiqədə ev sahibləri real qol şansını əldən verdilər. Rövlan Muradovun ötürməsindən sonra Murata əla fürsəti boşa verdi. 59-cu dəqiqədə “Sumqayıt”ın heyətində Ninqanın akrobatik tullanışla zərbəsindən sonra top qapının yanından keçdi.
İkinci hissəni tam olaraq “Sumqayıt”ın aktivinə yazmaq olar. Son dəqiqələrdə Ninqa uzun reyd edərək, cərimə meydançası daxilinə ötürmə versə də, “Zirə”nin müdafiə xətti ötürmənin qarşısını vaxtında kəsə bildi. Beləliklə, “Sumqayıt” nə qədər çalışsa da, yenə “Zirə”yə qalib gələ və qol vura bilmədi.
“Turan Tovuz” avrokuboklara, “Qəbələ” I Liqaya doğru
Kaxaber Sxadadzenin gəlişindən sonra da uğursuz gedişatı dəyişə bilməyən və qələbə üzünə həsrət qalan “Qəbələ” bu tendensiyaya son qoymaq arzusunda idi. Öz növbəsində, “Turan Tovuz” da səfərə qalibiyyət üçün getmişdi. Ötən tur “Sabah”ı məğlub edən Ayxan Abbasovun yetirmələri bu dəfə “Qəbələ” üzərində 3 xal qazanmağı hədəfləmişdilər.
Oyuna qonaqlar daha yaxşı başladılar və 4-cü dəqiqədə “Qəbələ”nin qapıçısı Kristof Atanqananın kobud səhvindən sonra penalti vurmaq hüququ qazandılar. Ancaq Tovuz klubu bu fürsəti boşa verdi. Fərid Nəbiyevin sabiq komandasını cəzalandırmasına elə Atanqananın özü imkan vermədi. O, əla seyvlə “günahını yudu”.
Az sonra Aleks Souzanın ötürməsindən sonra İsmayıl Zülfüqarlı əlverişli mövqedən fərqlənməyə yaxın olsa da, yenə Atanqana yaxşı oynayaraq, komandasını real qoldan xilas etdi. “Qəbələ”nin cavab hücumunda isə Bilel Auaşeriyanın zərbəsi qeyri-dəqiq alındı. İlk hissənin sonlarında ev sahiblərinin yarımmüdafiəçisi Emil Səfərovun uzaq məsafədən qüvvətli zərbəsini “Turan Tovuz”un qapıçısı Aydın Bayramov barmaqlarının ucu ilə çıxartdı. “Qəbələ” fasiləyə doğru təzyiqi artırsa da, növbəti epizodda Əyyub Allaşın zərbəsində dəqiqlik çatışmadı.
“Qırmızı-qaralar” ilk hissənin sonlarındakı aktivliyi ikinci yarının əvvəlində də davam etdirdi və istəyinə çatdı. Allaşın cərimə meydançası həndəvərindən qüvvətli zərbəsi qarşısında Aydın Bayramov aciz qaldı. Hesabda geri düşdükdən sonra “Turan Tovuz” bərabərlik qolunu vurmaq üçün irəli atıldı. Epizodların birində Luis Paçunun ötürməsindən sonra Denis Marandiçinin başla zərbəsində dəqiqlik çatışmadı. “Qəbələ”nin cavabı da təhlükəli alındı. Allaşın yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapının bir qədər yanından keçdi.
81-ci dəqiqədə tablodakı rəqəmlər eyniləşdi. “Turan Tovuz”da Bruno Qonçalvesin uzun ötürməsindən sonra Otto Con başla topu daha əlverişli mövqedə qərarlaşan Aleks Souzaya ötürdü. Tovuzluların braziliyalı hücumçusu isə rəqib qapıçı ilə üzbəüz epizoddan əla yararlanaraq, topu tora qovuşdurdu.
Bu qoldan ruhlanan Ayxan Abbasovun yetirmələri qələbə topunu vurmaq üçün son dəqiqələri də hücumda keçirdilər və istəklərinə çatdılar. 90+5-ci dəqiqədə Belajdi Pusi rəqibin cərimə meydançasına daxil olaraq qapıya qüvvətli zərbə vurdu, bu zərbəni “Qəbələ”nin qolkiperi Atanqana dəf edə bilmədi.
Beləliklə, “Turan Tovuz” əla geridönüş edərək Qəbələ səfərində vacib 3 xal qazandı və bu qələbə ilə avrokuboklara düşmək şansını artırdı. “Qəbələ” isə hər tur I Liqaya bir qədər də yaxınlaşır.
“Neftçi” Baxşıyevin debütünə “3” verdi
Elmar Baxşıyevin “Araz-Naxçıvan”ın baş məşqçisi postunda debütü uğurlu alınmadı. “Neftçi”nin qonağı olan Naxçıvan klubu yaxşı mənada heç nə ilə yadda qalmadı. İlk dəqiqədəcə “ağ-qaralar” hesabı açdılar. Moreno rəqibin müdafiə xəttinin səhvindən sonra qapıçı ilə üzbəüz qaldı və əlverişli şansdan lazımınca faydalandı. 20 dəqiqənin tamamında Emin Mahmudovun cərimə meydançası həndəvərindən əla zərbəsinin qarşısını “Araz-Naxçıvan”ın qolkiperi Kristian Avram dəf etdi. Daha bir neçə qol imkanını qaçıran “Neftçi” fasiləyə az qalmış hesab arasındakı fərqi artırdı. Emin Mahmudov və Andre Şinyaşikinin iştirakı ilə qurulan hücumu Rəhman Hacıyev dəqiq zərbə ilə tamamladı.
Son dəqiqələrdə “Neftçi” daha bir qol vurdu. Daha doğrusu, “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Riberyo avtoqol müəllifi oldu. Beləliklə, “Araz-Naxçıvan” Elmar Baxşıyevin debütünü böyükhesablı məğlubiyyətlə korladı. “Neftçi” isə vacib qələbə sayəsində “Zirə”nin xal itkisindən faydalanaraq, turnir cədvəlində ikinci pilləyə yüksəldi.
“Səbail”in 1 xallıq geridönüşü
“Kəpəz”i qəbul edən “Səbail” matça fəal başlasa da, ilk hissə qonaqların istədiyi kimi keçdi. 25-ci dəqiqədə Elmir Tağıyevin cərimə meydançası həndəvərindən sol ayağı ilə zərbəsi qarşısıalınmaz alındı. “Səbail” bu qolun şokundan ayılmamış ikinci dəfə mərkəzə dəvət olundu. Amil Yunanovun zərbəsinin qarşısını ev sahiblərinin qapıçısı Səlahət Ağayev kəssə də, top əlverişli mövqedə dayanan Latir Falın önünə düşdü. O isə topu boş qapıdan keçirməkdə çətinlik çəkmədi. İlk hissə “Kəpəz”in 2 top fərqli üstünlüyü ilə başa çatdı.
“Kəpəz”in hesabdakı üstünlüyünü fasilədən sonra da qoruyacağı gözlənilsə də, “Səbail” ikinci hissəyə əla başladı. 49-cu dəqiqədə Rafael Məhərrəmlinin hava ötürməsini başla dəqiq tamamlayan Pedro Nuno Premyer Liqanın cari mövsümündə vurduğu qolların sayını 9-a çatdırdı. “Kəpəz” bu qolun üzüntüsünü tam yaşamamış yenidən mərkəzə dəvət edildi. Meydanın mərkəzindən topu daşıyan Ramalinqom yekunda dəqiq zərbə ilə onu qapıdan keçirdi. Onun zərbəsindən sonra top “Kəpəz”in müdafiəçisi Elçin Əlicanovun ayağına dəyərək səmtini dəyişdiyi üçün qapıçı İqor Rodriges heç nə edə bilmədi. Yeri gəlmişkən, bu, braziliyalı hücumçunun Misli Premyer Liqasının cari mövsümündə 12-ci qolu oldu.
Geridönüş edən “Səbail” 3-cü qolu da vurmağa nail oldu. Son vaxtlar əla formada olan Rüfət Abdullazadə cərimə meydançası daxilindən sol ayağı ilə uzaq küncü dəqiq nişan aldı. İkinci hissədə 3 qol buraxan “Kəpəz”in ruhdan düşdüyü, vəziyyəti dəyişmək gücündə olmadığı ehtimal edilsə də, matçın əsas vaxtına əlavə olunmuş dəqiqələr “Səbail”in istədiyi kimi keçmədi. Belə ki, əvvəlcə Adi Mehremiç qırmızı vərəqə alaraq meydandan qovuldu. Meydanda azlıqda qalan “dənizçilər” çox keçmədi ki, bunun cəzasını çəkdilər. Mate Kvirkviya cərimə meydançasından kənardan möhtəşəm zərbə ilə topu “doqquzluğa” göndərdi. Beləliklə, 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşmədi.
Nərimanın uğurlu toxunuşu, “Qarabağ”ın 4-cü məğlubiyyəti
Tura “Sabah” – “Qarabağ” matçı ilə yekun vuruldu. Bu görüş çempionluğu vaxtından əvvəl təmin etmiş Ağdam klubu üçün formal xarakter daşıdığı halda, “Sabah” üçün böyük önəm kəsb edirdi. “Bayquşlar” ikincilik mübarizəsindən geri qalmamaq üçün meydana 3 xal qazanmaq üçün çıxmışdılar.
Oyunda ilk təhlükəli vəziyyəti meydan sahibləri yaratdılar. 4-cü dəqiqədə Cesse Sekidikanın ifasında cərimə zərbəsi təhlükəli alınsa da, top qapının bir qədər yanından keçdi. “Qarabağ”ın cavab hücumu isə qolla nəticələndi. Veşoviç və Benzianın iştirakı ilə qurulan hücumu Leandro Andrade dəqiq zərbə ilə tamamladı. Ancaq qonaqların hesabdakı üstünlüyü çox çəkmədi. 16-cı dəqiqədə “Sabah”ın yerinə yetirdiyi künc zərbəsi zamanı “Qarabağ”ın qapıçısı Amin Ramazanov çıxışda kobud səhvə yol verdi, bunu isə rəqib komandadakı adaşı – Amin Seydiyev bağışlamadı.
Matçın sonrakı dəqiqələri də qarşılıqlı hücumlar şəraitində keçdi. “Qarabağ”ın əldə etdiyi real qol fürsətini Juninyo qaçırdığı halda, “Sabah” fasiləyədək hesabda önə çıxmağı da bacardı. İshak Belfodil fərdi ustalığı sayəsində rəqibin 3 futbolçusundan sıyrıldıqdan sonra topu daha əlverişli mövqedə qərarlaşan Sekidikaya ötürdü, o isə yaxın məsafədən qapını dəqiq nişan almaqda çətinlik çəkmədi.
İkinci hissə də sürətli keçdi. 50-ci dəqiqədə Zubirin uzaq “doqquzluğa” göndərdiyi zərbədə azacıq dəqiqlik çatışmadı. Əvəzində 7 dəqiqə sonra “Sabah” 3-cü qolu vurdu. Qol epizodunun əvvəlində Belfodil hava mübarizəsində dirsəyi ilə Bədavi Hüseynovun dodağını qanatsa da, hakim qayda pozuntusu qeydə almadı və hücumun davamında Kahim Parris Elvin Cəfərquliyevi ustalıqla aldadaraq, hava ötürməsi verdi, Tellur Mütəllimov isə iki cəhddə topu başla qapıdan keçirdi. “Qarabağ”lı futbolçular Bədavinin yerdə qaldığı epizoda görə referiyə etiraz etsələr də, hakim qərarını dəyişmədi.
Qonaqların sonrakı dəqiqələrdə gücü yalnız hesab arasındakı fərqi azaltmağa çatdı. “Qarabağ”ın gənc ulduzu Nəriman Axundzadə meydana daxil olan kimi, topa ilk toxunuşundaca adını tabloya yazdırdı. Bu, Nərimanın Misli Premyer Liqasının cari mövsümündə 9-cu qolu oldu. Hakimin final fiti “Sabah”ın 3:2 hesablı qələbəsini, “Qarabağ”ın isə çempionatda 4-cü məğlubiyyətini rəsmiləşdirdi. Bu qalibiyyət sayəsində “Sabah” 1 günlük fasilədən sonra yenidən 5-ci pilləyə qayıtdı.
FƏRİD