AFFA İcraiyyə Komitəsini növbəti iclası yubanır. Aprelin 2-də qurumun yeni tərkibdə ilk yığıncağı reallaşsa da, önəmli məsələlərin müzakirəsi və qərarların verilməsi üçün yenidən toplaşmaq vacibdir.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, AFFA-da belə bir tədbiri mayın əvvəlinə planlaşdırırlar. Həmin vaxt ölkə futbolunun gələcəyini müəyyən edəcək bir sıra qərarlar verilməlidir. Çempionatda komanda sayı, reqlament, AFFA daxilində kadr və struktur dəyişiklikləri, təyinatlar həmin vaxta kimi dəqiqləşəcək, İK-da rəsmi təsdiqini tapacaq.

Lakin bəzi məsələlər var ki, daha tez həll olunmalıdır. Məsələn, milli komandaların hamısının başsız qalması faktdır. Əsas milliyə sabiq baş məşqçi Canni de Byazinin köməkçisi olmuş Arif Əsədov rəhbərlik edir. Lakin onun müqaviləsi olmadığından və yeni baş məşqçinin əcnəbi mütəxəssis olacağını bildiyindən, milli üzvlərini izləməsi, növbəti toplanış üçün hazırlıq planı tərtib etməsi absurddur.

Aşağı yaş qrupları üzrə milli komandalarda da eyni vəziyyətdir. Məşqçilərlə müqavilələr ilin əvvəlində bitib, onlar daxili əmrlə daha 3 ay postunda saxlanılıb. Amma aprelin 1-dən həmin müddət də başa çatıb. Bu səbəbdən yığmalar başsızdır, təyinatı təsdiqlənməyən məşqçilərin işə can yandıracağı da inandırıcı görünmür.

Bu səbəbdən İK-nın mayı gözləmədən yığışması, ən azı milli komandalarla bağlı qərar verməsi lazımdır. Əsas komandayla bağlı proses uzun çəkə bilər, amma toplanışları sıralanan aşağı yaş qrupları ilə bağlı durum fərqlidir.

Ümumiyyətlə, islahatları start götürdüyü bir zamanda İcraiyyə Komitəsinin daha aktiv olması, tez-tez yığışması yaxşı olardı. AFFA-dakılar isə sələflərinin yolu ilə gedir – qərarlar kabinetlərdə verilir, daha sonra rəsmiləşmə üçün komitə üzvləri bir araya gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp