“Mançester Siti” Camal Musialanı transfer etmək niyyətindən əl çəkməyib. İngiltərə klubu Almaniya millisinin üzvünün keçidini bu yay bitirmək istəyir.
Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” Musialaya karyerasının qürub çağını yaşayan Kevin de Bruynenin əvəzedicisi gözü ilə baxır. 21 yaşlı yarımmüdafiəçi də Premyer Liqaya yollanmağa həvəslidir. O, bu səbəbdən “Bayern”lə yeni müqavilə bağlamaqdan boyun qaçırıb.
İngiltərədə “Sauthempton” və “Çelsi”nin akademiyalarında yetişən, 2019-cu ildə 200 min avroya Münhem klubuna yollanan futbolçunun bu müddətdə dəyəri xeyli artıb. Təsadüfi deyil, “Mançester Siti” onun üçün 140 milyon avro xərcləmək niyyətindədir.
“Bayern”lə müqaviləsinin müddətinin bitməsinə 2 il qalan Camal, klublar razılaşacağı halda mövsüm bitən kimi İngiltərəyə yollanacaq. O, cari mövsümdə meydana çıxdığı 34 matçda 12 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.