“Sabah”ın müdafiəçisi Tellur Mütəllimovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”a qarşı maraqlı oyun keçdi. Matçla bağlı fikirlərin necədir?

– Bəli, məncə də azarkeşlər maraqlı oyuna şahid oldular. Çempionatda bu cür oyunlar nə qədər çox olsa, o qədər yaxşıdır. Rəqib barədə xüsusi nəyisə deməyə ehtiyac yoxdur. “Qarabağ” bu gün ölkənin ən güclü komandasıdır. Buna baxmayaraq, komanda olaraq əzmlə, sona kimi mübarizə apardıq. Bizim üçün vacib olan 3 xalı qazandıq. Məncə, qələbəyə layiq idik.

– Bu qələbə komanda üçün vacib idi. Mövsümün sonunda bu oyundakı qalibiyyət önəmli rol oynaya bilər?

– Çox vacib qələbə idi. Lakin təkcə bu matçdakı yox, istənilən oyundakı qələbə əlavə motivasiyadır. Bu qalibiyyətin bizə müsbət təsiri mütləq olacaq.

– Maraqlı bir detal var ki, “Qarabağ”la “Sabah” arasındakı oyunların əksəriyyəti baxımlı alınır, bu dəfə də 3:2 hesabı qeydə alındı. Bunun səbəbin nədə görürsən?

– Hər iki komandanın heyətində yaxşı futbolçular var. Meydanda da nəticəni yaxşı oyunlar, yaxşı futbolçularla qazanmaq istəyirlər.

– Atmosfer də yaxşı idi…

– Azarkeşlərə təşəkkür etmək istəyirəm. Oyuna gəldilər, baxdılar və maraqlı olmasında böyük rol oynadılar. Tribunada tamaşaçı sayı çox olanda futbolçular da daha yaxşısını etməyə çalışır. “Qarabağ”la matçlarda həmişə çoxlu azarkeş gəlir.

– Çempiona qol vurmaq sənin üçün xüsusi hissdir?

– Əlbəttə ki, qol vurmaq həmişə xoşdur. Xüsusilə bu cür oyunda. Amma istənilən halda, qolun kimin vurmasından asılı olmayaraq, əsas qələbədir. Çox şükür ki, buna nail olduq.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp