Azərbaycan çempionatının keçmiş illərindən danışanda ağıla birinci “perojki dövrləri” deyimi gəlir. Futbolumuzda pulun və legionerlərin olmadığı dövrlərdə keyfiyyət istənilən səviyyədə deyildi. Amma nə də olmasa, çempionatda komanda sayından korluq çəkmirdik.
Təsəvvür edin, müharibənin ən ağır ilində, yəni 1992-ci ildə Azərbaycan çempionatında 26 komanda çıxış edirdi. Ölkənin demək olar ki, istənilən bölgəsindən güclülər dəstəsində klub tapmaq olardı. Sonrakı illərdə komanda sayında azalma olsa da, bu rəqəm 16, 14 və 12-yə qədər enib. Hər halda, Fuad Musayev və Ramiz Mirzəyevin dövründə komanda sayı ilə bağlı problemimiz olmayıb. Amma Rövnəq Abdullayev AFFA-da Elxan Məmmədovu “baş vəzir” təyin etdikdən sonra vəziyyət dəyişməyə başladı.
Məmmədov əlinə balta götürüb dağıdıcı funksiyasını yerinə yetirmək fikrinə düşdü. Çempionatda komandaların sayının azaldılması bir kənara qalsın, o, Bakı çempionatı yaratmaq qərarına gəldi. Kənardan paytaxta futbol oynamağa ancaq “Qəbələ” gəlməli olurdu, yaxud da belə deyək, paytaxt təmsilçiləri Biləcəridən o yana yalnız Sumqayıta və Qəbələyə yollanırdı. Əslində, Sumqayıt ayrı şəhər sayılsa da, mənzillərdəki kimi divarı söküb onu Bakıya bitişdirdiyimizdən ona ayrı məntəqə də demək olmur. Məlum səbəblərdən “Qarabağ”dan danışmağa dəyməz və əlbəttə ki, mövzu bu da deyil. Amma necə deyərlər, pis günün ömrü az olar.
Çox şükür ki, AFFA-da hakmiyyət dəyişikliyi həyata keçdi. İndi Rövnəq Abdullayevi Rövşən Nəcəf əvəzləyir. Əslində, bu iki adın bir-birinə bənzərliyi çoxdu. Hər iki adın mənası “işıqlı” deməkdir. Sadəcə, Rövnəq bəyin dövründə sabiq baş katib və icraçı vitse-prezident əli ilə onun qarşısını kəsmişdisə, Rövşən bəy şüalarını yaymağa hazırdır. Bunun da ilk cücərtilərini çempionatda komanda sayının artırılmasında görəcəyik.
Doğrudur, məsələ hələ öz təsdiqini tapmayıb, amma bu istiqamətdə işlərin getməsi heç kimə sirr deyil. Böyük ehtimalla, növbəti mövsümdən Premyer Liqada 12 komanda mübarizə aparacaq. Sonuncu dəfə bizdə 2012/13 mövsümündə belə format tətbiq edilmişdi.
İndi bir məsələ var. 8-10 komandalı çempionatın iştirakçıları rahat şəkildə 4 dövrədə mübarizə apara bilirdilər. Yəni, 10 komandalı çempionatda 36 tur oynamağa kifayət edir. Amma 12 komandalı çempionatda 2 dövrə 22 tur edəcək ki, bunu nəzərdən keçirməyə dəyməz. 4 dövrədə isə 44 tur meydana çıxmaq lazımdır ki, bu da həddən artıq çoxdur. Heç “Böyük beşlik” ölkələrində komandalar bu qədər əziyyət çəkmir. Yəni, onlar 38 turla mövsümü bağlayır. 3 dövrə isə ədalətsizlik olardı. Onda hansısa komandalar bəzi rəqibləri ilə evdə 2 dəfə qarşılaşacaq və ya kiməsə 2 dəfə qonaq olub onu bir dəfə qəbul edəcək. Əks tərəf niyə bu imkandan məhrum olsun ki? Deməli, nəsə format tapmaq lazımdır ki, ədalət bərqərar olsun.
Bəli, bu mənada “6-lıq” sistemini tətbiq etmək olar ki, keçmişdə çempionatımızda bu sistem reallaşıb. Bu haradasa normal görünə bilər. Amma 2-ci “altılıq” klubları mövsümün son hissəsini yola verməklə yadda qalacaq. Elitada yerini təmin edən komanda yuxarı pillələrin komandaları ilə oynamayacaqsa, məşqçilər onları hansı motivasiya ilə meydana çıxaracaq. Və ən əsası, bu, azarkeşə nə verəcək? 2012/13 mövsümdə məhz bu formata üstünlük vermişdilər və o da belə desək, uğursuz alınmışdı.
Bəs görəsən, Avropada belə halldardan necə istifadə edilər? Gəlin, bəzi ölkələrdən nümunələr gətirək. Doğrudur, fərqli formatlardan istifadə edən ölkələrin hamısında komanda sayı ilə uzlaşma olmaya bilər. Amma belə məqamda say önəmli deyil. Faydalı sistem hər rəqəmdə keçərlidir. Amma gətirəcəyimiz nümunələrin faydalı olduğunu da iddia edə bilmərik. Sadəcə, onları “göz önünə sərib” nəticə çıxartmaq istərdik.
Başlayaq, 18 komandalı, 2 dövrəlik çempionatı olan Niderlanddan. Belə baxanda, adı çəkilən ölkədə 34 turla yerlərə görə avrokuboklara yollanan və elitanı tərk edənləri müəyyənləşdirmək olar. Amma niderlandlılar belə etmir.
Niderland 2022-23 mövsümünün sonunda UEFA-nın klub reytinqində mövqeyini yaxşılaşdıraraq 7-ci pillədən 6-cı mövqeyə yüksəlib. Bu səbəbdən cari mövsüm Erediviziyada ilk iki yerin sahibi növbəti “futbol ili”ndə birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək. 3-cü yerin sahibi ÇL-in 3-cü təsnifat mərhələsinə yollanacaq. Ölkə kubokunun qalibi Avropa Liqasının qrupuna, Erediviziyanın 4-cüsü isə AL-in 2-ci təsnifat mərhələsinə üz tutacaq.
Çempionatda 5-8-ci yerləri arasında isə Konfrans Liqası uğrunda pley-off təşkil olunacaq. Burada ev və səfər oyunları nəzərdə tutulan yarımfinallar və final keçiriləcək. 5-ci pillənin sahibi 8-ci komanda ilə qarşılaşacaq, 6-cı və 7-ci yerləri tutan kollektivlər isə bir-biri ilə üz-üzə gələcəklər. Cütlərin qalibləri finalda güclünü müəyyənləşdirəcəklər.
Erediviziyada son 2 pillənin sahibləri birbaşa aşağı diviziona yuvarlanır. 16-cı yeri tutan komanda isə elitada qalmaq uğrunda pley-offun yarımfinalında rəqibini gözləyir. Həmin pley-off 1/4 finaldan başlayır. Orada aşağı liqada mövsümü 3-8-ci pillələrdə başa vuran kollektivlər 3 cüt formalaşdırır. 3-cü komanda 8-ci, 4-cü 7-ci, 5-ci isə 6-cı ilə qarşılaşır. Həm 1/4 final, həm yarımfinallar, həm də final ev və səfər matçlarını nəzərdə tutur. Bu sistem bütün komandalar üçün sonadək stimul saxlamağa hesablanıb və yarışı maraqlı edir.
Belçikanın peşəkar liqası 3 mövsümdən sonra, nəhayət, ötən yay əvvəlki formatına qayıtdı. Belə ki, komandaların sayı 18-dən 16-ya qədər azaldıldı, pley-off isə COVID-19-dan öncə olduğu qaydaya salındı.
16 klubun iştirakı ilə 2 dövrəlik çempionat keçirildi. Ardınca komandalar 3 qrupa bölündü: müntəzəm çempionatda 1-6-cı yerlərin sahibləri Çempionlar pley-offunda, 7-12-ci pillələri tutan komandalar Konfrans Liqasının pley-offunda, 13-16-cı sıralarda bitirən kollektivlər isə elitada qalmaq uğrunda pley-offda mübarizə aparırlar. Sonda çempion Çempionlar Liqasının qrup mərhələsinə, 2-ci yerin sahibi ÇL-in 3-cü təsnifat mərhələsinə, ölkə kubokunun qalibi Avropa Liqasının qrupuna, liqanın 3-cüsü AL-in 2-ci təsnifat mərhələsinə, Konfrans Liqası pley-offunun qalibi isə bu turnirin 2-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq. Elitada qalmaq uğrunda pley-offda son 2 pilləni tutan komanda birbaşa aşağı diviziona düşəcək. 14-cü yerin sahibi isə “Çellencer Pro Liqa”da 3-6-cı pillələri tutan komandalar arasında pley-offun qalibi ilə qarşılaşacaq.
Yunanıstan Superliqasında 14 komandanın iştirakı ilə iki dövrəli müntəzəm çempionat keçirilir. Ardınca ilk “6-lıq” Çempionlar Qrupunda mübarizəni davam etdirir. Sonda Superliqanın qalib Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə, ölkə kubokunun sahibi Avropa Liqasının 1-ci təsnifat mərhələsinə, çempionatda 2-ci və 3-cü yerləri tutan komandalar isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanırlar.
Amma bu formatı uğursuz saya bilərik. Çünki müntəzəm çempionatda 7-14-cü pillələrdə bitirən kollektivlərin mübarizəsi maraqsız alınır. Belə ki, son iki komanda elita ilə vidalaşacaq. Hazırda 7-10-cu sıralarda qərarlaşan kollektivlərin 13-cü yer ilə 6-9 xal fərqi var. Eyni zamanda ikinci “8-liy”in, həmçinin ilk “6-lığ”ın son pilləsinin avrokuboklardan kənarda qalması da məntiqsizdir.
Şotlandiya Premyer Liqasına gəlincə, 12 komandanın iştirakı ilə 3 dövrəlik müntəzəm çempionat keçirilir. Ardınca komandalar iki “6-lığ”a bölünür: çempionlar və elitada qalmaq uğrunda qruplar. İlk “6-lığ”ın qalibi Çempionlar Liqasının qrup mərhələsinə, ikincisi ÇL-in 3-cü təsnifat mərhələsinə, ölkə kubokunun sahibi Avropa Liqasının pley-offuna, çempionatın 3-cüsü AL-in 2-ci təsnifat mərhələsinə, 4-cüsü isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq.
İkinci “6-lığ”ının sonuncusu – 12-ci komanda birbaşa aşağı diviziona yuvarlanacaq. 11-ci kollektiv isə Şotlandiya Çempionşipinin 2-4-cü komandaları arasındakı pley-offunun qalibi ilə qarşılaşacaq.
Gördüyünüz kimi, bizim çempionat Şotlandiya Premyer Liqası ilə uyğun gələ bilər. Amma hara fırladırsansa fırlat, bundan artığını edə bilməyəcəksən.
Türkiyə 1-ci liqası da mübarizə baxımından əladır. Burada ilk iki yerin sahibi birbaşa elitaya vəsiqə qazanır, 3-cü pillədəki komanda pley-offun finalında rəqibini gözləyir. Həmin rəqib isə 4-7-ci yerləri tutanlar arasında əlavə oyunlardan sonra müəyyənləşir. Birdən-birə 7 komanda sonadək Super Liqaya yüksəlmək şansını saxlayır ki, bu da yarışa maraq qatır.
İndi bizdə bir məsələ qalır. “Qəbələ”ni elitada saxlayacaqlarmı? Komanda sayı artırılırsa, bunu edə bilərlər. İnfrastrukturu, uşaq futbol akademiyası, hər cür şəraiti olan bölgə təmsilçisini itirmək insafsızlıq olar. Bizdə elitada iştirakçı sayı artırılıanda belə manevrdən istifadə ediblər. Məsələn, 8-dən 10-a keçəndə, sonuncu pilləni tutan “Səbail” aşağıya yuvarlanmadı, I Liqadan “Kəpəz”lə “Turan Tovuz”u gətirib işi xətm etdilər. İndi də “Qəbələ”yə belə can verə bilərlər.
Amma istənilən halda, bu, idman prinsiplərinin pozulması deməkdir. “Səbail” qorunubsa, bu səhv həmişə təkrar olunmamalıdır. I Liqadan 3 komanda gətirə biləcəklərmi? Məsələ ondadır ki, Azərbaycan I Liqası “13-cü rayon”a bənzəyir. “İrəvan” kimi “alver”lə məşğul olan klubları bura gətirməkdənsə, “Qəbələ”dən yapışmaq lazımdır. Ancaq elə etmək olar ki, “nə şiş yansın nə də kabab”. Məsələn, “Qəbələ” I Liqada 3-cü yeri tutan komanda ilə pley-offda qarşılaşa bilər. Doğrudur, Avropa ölkələrində sonuncu yeri tutanlar elitanı tərk edir, pley-offdan bir qədər yuxarıda qərarlaşanlar sonuncu çarə kimi istifadə edir. Amma bizdə vəziyyət fərqlidir, “Şamaxı”, qismən də “Karvan” istisna olmaqla heç kim Premyer Liqaya hazır deyil. İmitasiya xatirinə “Qəbələ”yə şans yaratmaq mümkündür. Pley-off təşkil olunsa, həm dman prinsipləri qorunar, həm də “Qəbələ”yə şans yaradılar.
Amma yenə də bizə gözləmək qalır. Görək, nə qərar qəbul edəcəklər? Əsas odur ki, ölü nöqtədən tərpəniblər. Yəqin ki, yaxşı olacaq!
AĞA