Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin I Liqada çıxış edən “İmişli” komandası ilə bağlı qərarını dəyişdirib.
Futbolinfo.az xəbər verir ki, adıçəkilən klubun apellyasiya şikayəti qismən təmin olunub.
Belə ki, 20-ci turda “Mingəçevir”lə keçirilən görüşün 80-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Gilyerme Silvaya İntizam Komitəsi tərəfindən verilən 2 oyunluq cəza 1 matça endirilib. Digər bir oyunluq sanksiya şərti olaraq tətbiq edilib.
Futbolçuya 3 ay sınaq müddəti verilib. 150 manatlıq cərimə isə qüvvədə saxlanılıb.
Maraqlı tərəflərin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüquqları var.
Qeyd edək ki, “Mingəçevir” – “İmişli” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.