Kaxaber Sxadadzenin dediklərini oxuyanda bir anda duruxdum. Gürcü məşqçi növbəti matçda ilin oyununa çıxacaqlarını söyləyib. Sanki “Zirə”ni kubokda yenməklə nəsə dəyişəcəkmiş.

“Qəbələ”nin çalışdırıcısı bəlkə də bu sözlərlə klubunun rəhbərliyini aldada bilər. Lakin reallıq başqadır və onun komandasının hətta finala çıxması da heç nəyi dəyişməyəcək. “Qırmızı-qaralar”ın titul qazanmaq üçün potensialı yoxdur.

Çempionata gəlincə gəncəlilərə Premyer Liqada qalmaq üçün cəmi iki xal kifayətdir və hətta bütün oyunları uduzsalar da, bu şansı “Qəbələ” özü onlara hədiyyə edəcək. 5 tur qalıb və aradakı xal fərqi 14-dür, üstəlik, “Kəpəz”in bu gün daha bir oyunu var və növbəti turları daha erkən formallığa çevirə bilər.

Həm də bu sözləri Azərbaycana qayıdandan bəri qələbə üzü görməyən Sxadadze deyir. Adam üst-üstə 3 xal yığmayıb, “Zirə” ilə görüşü ilin oyunu kimi qələmə verməyə çalışır. Gürcü məşqçinin belə danışması özünüreklama hesablanıb. “Qarabağ”la görüşdə səfər heç-heçəsini böyük qəhrəmanlıq kimi qələmə verməyə çalışması aşkardır.

Yəqin ki, bu matçda ağdamlılara qələbə lazım olsaydı, onu rahatlıqla qazanardılar. Necə ki, Qurban Qurbanov üçlü əvəzləmə ilə bir dəqiqə sonra matçın gedişatını dəyişdi. “Qarabağ”ın ehtiyat oyunçulardan qurulan heyətinə qol vuran “Qəbələ” Benzia, Zubir kimi futbolçuların meydana çıxması ilə bir anda tar-mar oldu. Çempionluğu sona 8 tur qalarkən təmin etmiş ağdamlılar yendən arxayınlaşanda hesab bərabərləşdi. İndi Sxadadze oyunlara formal matç gözüylə baxan “Qarabağ”dan alınan xalı reklam etmək üçün növbəti turu nişan verir.

İstənilən halda, tarixdə nəticə qalır. Fakt odur ki, “Qəbələ” “Kəpəz”ə bir xal yaxınlaşdı, eyni zamanda “Qarabağ”ın xal fərqini böyütməsinə imkan vermədi. Lakin yekunda bu, heç nəyi dəyişməyəcək – “Qarabağ” çempionluğu təmin edib, “Qəbələ”nin I Liqaya düşməsi isə zaman məsələsidir.

Turun dünən baş tutan digər matçı isə avrokuboklara vəsiqə baxımından daha önəmli idi. “Zirə” ilə “Neftçi” üçün şəxsi qarşılaşmaları “Sumqayıt”ın qələbəsindən sonra daha əhəmiyyətli olmuşdu. Çünki “Sabah”ın da bu tur qələbə qazanmaq imkanı var və belədə uduzanın vəziyyəti pisləşəcəkdi.

“Neftçi” oyuna yaxşı başlayaraq hesabı açdı. Amma bu mövsüm qeyri-sabitliyi ilə yadda qalan, ən əsası, ruhsuz təsir bağışlayan qonaqlar üstünlüyünü qoruya bilmədi. “Zirə” öncə bərabərliyi təmin etdi, daha sonra qələbəni gətirən qolları vurdu. Qəsəbə təmsilçisinin son iki qolu meydanda azlıqda qalarkən vurması isə həm də rəqibinin miskin durumunun göstəricisidir.

Adrian Mutunun bərbad bünövrə qoyduğu, Miodraq Bojoviçin isə daha pis vəziyyətə saldığı “Neftçi” artıq hər iki hədəfindən uzaq görünür. Ölkə kubokunda finala çıxmaq şansı demək olar qalmayan, 2-ci pilləni də itirmək üzrə olan bakılılar hətta avrokubokdan da kənar qala bilər. Komandanın komplektləşdirilməsində, transfer siyasətində, ümumiyyətlə, klubun idarəetməsindəki yanlışlar bugünkü durumun əsas səbəbidir.

“Neftçi”nin dünənki məğlubiyyətinin səbəbini klubun isveçli idman direktoru Yens Anderson iki gün öncəki açıqlamalarda tapa bilərik. Əcnəbi mütəxəssis hamını tərifləyərək təriflədiklərinə sətiraltı göndərməsini etmişdi. Transfer işləri ilə məşğul olan insanların doğru işlədiyini deyən Yens, heyət üzvlərinin əksəriyyətinin yaşlı olduğunu vurğulamış, təriflədiklərinin günahkar olduğunu göstərmişdi. “Neftçi” dünən məhz bu komponentdə “Zirə”yə uduzdu. “Qartallar”ın dinamik futbolçuları rəqibin ağsaqqallarını yorub təslim edə bildi.

Bu qələbə “Zirə”nin bir qədər rahatlaşmasına imkan verdi. Mövsümə əla başlayan, 3-4-cü dövrələri bərbad keçirən qəsəbə təmsilçisi son vaxtlar yenə əla təsir bağışlayır. Məhsuldarlığı ciddi şəkldə artıran “qartallar” kubokda da mübarizəni davam etdirdiyindən, avrokubok ümidi xeyli artıb. Amma rahatlaşmaq üçün tezdir, bu gün “Sabah” da qələbə qazansa, 5-ci pillə ilə xal fərqi 3-ə bərabər olacaq. Bu isə hər şeyin bir anda dəyişə biləcəyi deməkdir.

FƏRİD

Shares: