AFFA-nın yeni rəhbərliyi də əcnəbi sevdalısıdır. Hətta indikilər bu baxımdan sələflərini də kölgədə qoyacaq.
Üç həftədir hakimiyyət başında olan Rövşən Nəcəf və komandası gözlənilən islahatları bugünədək reallaşdırmayıb. Onlar hələlik maliyyə yoxlamasının yekunlaşmasını gözləyr, paralel olaraq kadr islahatları üçün siyahı hazırlayır. Rövnəq Abdyllayev – Elxan Məmmədov tandeminin futbola pərçim etdiyi faydasız əməkdaşlar, departament, şöbə, komitə rəhbərləri tezliklə yola salınacaq, hətta klublara yerləşdirilənlər də yola salınacaq.
Mayın əvvəlində isə İcraiyyə Komitəsinin yeni heyətinin ilk böyük iclası baş tutacaq, orada mühüm qərarlar qəbul ediləcək. Həmin toplantıda strategiyanın seçilməsi, qarşıdakı günlərdə dəyişikliklərin reallaşması da mümkündür.
Dəqiq bəlli olan odur ki, əsas milli komanda və Hakimlər Komitəsi əcnəbi mütəxəssisə tapşırılacaq. Elxan Məmmədovun vaxtında olduğu kimi, yenə yerli mütəxəssislər kənarda saxlanacaq. Bundan başqa, AFFA-nın texniki direktoru işləmiş Bernard Lippertin yeri də gəlmələrlə doldurulacaq. Son illər bu vəzifəni Cahangir Həsənzadə tuturdu, indi isə onun əvəzinə xorvat mütəxəssis gətirmək istəyirlər. İlk vaxtlar bu postun İqor Ponomaryova tapşırılacağı deyilsə də, indi vəziyyət dəyişib.
Maraqlıdır ki, “Sabah”da olduğu kimi, AFFA-da da uşaq futbolu xorvatların nəzarətində olacaq. Həsənzadəni əvəz edəcək şəxsə həm də aşağı yaş qrupundan olan millilərə ümumi rəhbərlik funksiyası tapşırılacaq və həmin komandalarda xorvatlar iş başına gətiriləcək. İlkin plan budur və danışıqlar aparılır. Yığmalarda baş məşqçi postlarına yeni təyinatların yubanmasının, onların müqaviləsinin daxili əmrlə iki dəfə üç aylıq uzadılmasının səbəbi budur. Miloş Velebit, Milan Obradoviç və başqalarından əlimiz bala batıb, indi “xorvat koloniyası” “işğala gəlir”.
Kəsəsi, AFFA-nın yeni rəhbərliyi köhnələrin etdiklərini təkrarlayacaq. Yalnız adlar dəyişib, hər kəsin öz əcnəbi dəstəsi var və yenə azərbaycanlılardan başqa hamıya iş tapılacaq. Təəssüf…