Riad Rəfiyev kisənin ağzını açıb. “Sumqayıt”ın menecer-prezident komandasının avrokuboka düşməsi üçün hər fürsətdən istifadə edir, hər yola əl atır.

Hakimlərin köməyi ilə xal ehtiyatını artıran komandanın uğurlu çıxışında məşqçi və futbolçu heyətinin əməyi danılmazdır, buna kimsə kölgə sala bilməz. Lakin “Sumqayıt”ın bəlli potensialı var, əlavə yardım olmadan “kimyaçılar” indiki mövqeyində ola bilməzdi. Azı 4-5 matç saymaq olar ki, məhz hakimlər komandanı ya məğlub olmağa qoymayıb, ya da qələbə qazandırıb. Təkcə “Neftçi” ilə 29-cu turdakı matçı nümunə göstərmək kifayətdir. Bakılıların iki xalını əlindən alan baş hakim Elçin Məsiyev bunu o qədər aşkar şəkildə etdi ki, indi cəzasını çəkməklə məşğuldur.

Rəfiyev isə işini təkcə hakimlərlə görmür. Menecer-prezidentin digər klublarda işlərini həll etdiyi futbolçular var. Onların menecerdir, Azərbaycana gəlmələrində vasitəçi olub, onlardan faiz qazanır və lazım gələndə onlardan da yardım istəyir.

Riad bəyin öz komandasına böyük mükafat verməsi normaldır. Qələbə naminə oyunçularını stimullaşdırırsa, burada qəbahət axtarmaq lazım deyil. Lakin başqa komandalara mükafat vəd etməsi artıq AFFA-nın da ona nəzarət etməsinə səbəb olmalıdır. Rəfiyev avrokuboklara vəsiqə uğrunda əsas rəqbləri ilə oynayan komandaların futbolçularına mükafat vəd edir.

Məsələn, cümə günü baş tutan “Turan Tovuz” – “Sumqayıt” matçından sonra Rəfiyev Bakıya qayıtmayıb. O, ev oyunlarını eyni şəhərdə keçirən “Kəpəz”in futbolçularına vədlər vermək üçün Tovuzda qalıb. Məqsəd əsas rəqib olan “Sabah”ın büdrədilməsinə nail olmaqdır. Düzdür, gəncəlilərin özünə də qələbə lazımdır, amma klub rəhbərliyinin oyunçularını ruhlandırmaq üçün kifayət qədər vəsaiti yoxdur, əvəzində bu işi Rəfiyev görür.

Menecer-prezidentə bu işdə “Sumqayıt”ın sabiq oyunçusu Vurğun Hüseynov yardım edir. Rəfiyev hazırda “Kəpəz” forması geyən tovuzlu ilə görüşərək dəstək istəyib. Gəncə klubuna futbolçu kimi heç bir xeyir verməyən Vurğun isə “maklerlik” etməyə razılıq verib. O, Rəfiyevin vəd etdiyi mükafatla “Kəpəz”in oyunçularını ruhlandırmalı, eyni zamanda muzdlu fanat dəstəsi yığmalıdır. Yəqin ki, bugünkü matçda “Sabah” stimullaşdırılmış rəqibinin gücünü hiss edəcək.

- Futbolinfo.az

Rəfiyevin belə təlaşa düşməsi səbəbsiz deyil. O bilir ki, yeni AFFA rəhbərliyi Elxan Məmmədovun kadrlarını futboldan təmzləməyə başlayıb. Riad bəy komandasını avrokuboka aparmaqla canını qurtarmaq, özünü uğurlu rəhbər kim göstərmək istəyir və bunun üçün hər yola əl atır. Ona görə də rəqiblərinin rəqiblərini stimullaşdırmaq üçün hər şey edir.

AĞA

Shares: