Misli Premyer Liqasının turnir cədvəlində üç qütb formalaşıb. Çempion “Qarabağ”, 3 autsayder və avrokubok mübarizəsi aparan “altılıq” var.

“Araz-Naxçıvan” 31-ci turda qol vurmayan yeganə komanda olmaqla avrokubok mübarizəsindən qopduğunu da göstərdi. Muxtar respublika təmsilçisi dünən qələbə qazanacağı halda ümidlərini davam etdirəcəkdi. Lakin məğlubiyyət Elmar Baxşıyevin yetirmələrini autsayderlər qrupunun sakininə çevirdi. Yuxarıdakı ən yaxın qonşu ilə xal fərqi 10-a çatdığından çıxış yolu yoxdur. İndi naxçıvanlıların hədəfi “Kəpəz”i özündən irəli buraxmaaq olmalıdır.

Rəqiblərini Mərdəkanda qəbul edən komandanın növbəti məğlubiyyəti Baxşıyevin də uğursuz seriyanı qıra bilmədiyini göstərdi. İlk yarıda nisbi üstünlük olsa da, “Səbail”in standart vəziyyətlərdən vurduğu qolların qarşısını ala bilməmək xalsız qalmağa səbəb oldu. Hətta qol epizodu yaratmaqda çətinlik çəkən meydan sahibləri keyfiyyətli futbolçu çatışmazlığından əzyyət çəkir. Komanda düzgün komplektləşməyib, qüvvə yaxşı bölüşdürülməyib. Ona görə də mövsüm sona yaxınlaşdıqca xal itkiləri sıralanır.

Ev oyunlarını doğma şəhərdən kənarda – Tovuzda keçirməyə məcbur olan “Kəpəz” də eyni aqibəti yaşadı. Gəncəlilər “Sabah”la oyunun ilk yarısını bərbad keçirərək məğlubiyyətlə üzləşdi. Fasilədən sonra komanda toparlansa da, bu, xal qazanmağa yetərli olmadı. Amma naxçıvanlılardan fərqli olaraq “Kəpəz”in oyunu daha yaxşı idi. Sadəcə, heyətdəki itkilər özünü göstərdi və daha zəngin ehtiyat skamyaya malik rəqibə üstün gəlmək mümkün olmadı.

“Sabah” çox önəmli qələbə sayəsində ilk “beşliy”ə qayıtdı. İndi 2-ci pillə ilə aradakı xal fərqi cəmi üçə bərabərdir. Ötən tur “Qarabağ”ı məğlub etmiş komanda Tovuzdakı ikinci hissədə xeyli əziyyət çəksə də, avrokuboka vəsiqə qazanmaq şansını öz əlində saxlaya bildi. Son 5 tur daha gərgin keçəcək. Növbəti rəqib olan “Səbail”lə matç bu baxımdan kritikdir. Bayıl təmsilçisi dünənki qələbə sayəsində ümidlənib və davamını gətirməyə çalışacaq, əks halda, vəziyyəti çətinləşəcək. Amma “Sabah” da hədəfinə çatmaq üçün mütləq qələbə qazanmalıdır.

Lider işi çoxdan bitirib, autsayderlərin də durumu bəllidir. Avrokuboklara vəsiqə uğrunda mübarizə isə sonadək davam edəcək. Bəlkə də 32-ci turda “Səbail”lə “Turan Tovuz” bu qatardan qopacaq, digər 4 komandanın mübarizəsi isə nəfəs kəsəcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp