Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir potensial rəqibi müəyyənləşib.

Futbolinfo.az saytı xəbər verir ki, Ağdam təmsilçisi San Marino çempionatını zirvədə tamamlayan “Virtus”la qarşılaşa bilər.

Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi” və İslandiyanın “Vikinqur” klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi. Üstəlik, “Virtus” hələlik raundun ən aşağı əmsala malik kollektividir.

“Qarabağ”la yanaşı, daha 6 komandanın – “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers”in (İrlandiya) püşkatma zamanı səpələnmişlərdə qərarlaşacağı bilinir. Bu siyahıya son olaraq mərhələnin ən yüksək reytinqli komandası “Ferensvaroş” qoşulub.

TNS (Uels), RFŞ (Latviya), Batumi “Dinamo”su (Gürcüstan) və Minsk “Dinamo”sunun səbəti isə qeyri-müəyyəndir.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp