“Neftçi”nin paraqvaylı sabiq futbolçusu Erik Ramos kolmandanın cari mövsümdəki çıxışını dəyərləndirib.
36 yaşlı yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında paytaxt klubunun nəticələrinə məyus olduğunu deyib: “Təəssüf ki, “Neftçi” bu mövsüm də titulsuz qalacaq. Premyer Liqada çempionluq çoxdan əldən çıxıb, ölkə kubokunda çətin ki, cavab matçında “Qarabağ”ı üstələsin. Təbii ki, bu, uğursuzluqdur”.
Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yollarını da göstərib. Onun fikrincə, bunun üçün uzunmüddətli layihə hazırlanmalıdır: “Neftçi” “Qarabağ”la rəqabət aparmaq üçün güclü layihə yaratmalı və səbrlə onu həyata keçirməlidir. Əks təqdirdə, “Qarabağ”ın hegemonluğuna son qoymaq çətin olar. Qurban Qurbanovun komandası təkcə ölkədaxili yarışlarda deyil, avrokuboklada da parlaq nəticələr göstərir, böyük klublarla başabaş mübarizə aparır. Ancaq bu o demək deyil ki, “Neftçi”nin titul qazanmaması normal haldır”.
Yarımmüdafiəçi paytaxt klubunda əsas çatışmazlığın stabillik olduğunu vurğulayıb: “Bizim dönəmimizdə klub prezidenti və məşqçi korpusu futbolçuları düzgün istiqamətə yönəldirdilər. Həm uğurlu komanda idik, həm də hər kəs bizə hörmətlə yanaşırdı. İndi “Neftçi” böyük məbləğə transferlər edir. Ancaq onları yarım mövsümdən sonra yola salır. Həmçinin baş məşqçi dəyişikliyi də tez-tez edilir. Uğur qazanmaq üçün isə stabillik mütləqdir”.
Qeyd edək ki, Erik Ramos 2012-2016-cı illərdə “Neftçi”nin formasını geyinib.