“Ümumi götürəndə “Səbail”ə qarşı pis oynamadıq. Epizodlar yaratdıq, amma qol vura bilmədik. Buna sadəcə təəssüflənirik” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın kapitanı Orxan Əliyev deyib.
Yarımmüdafiəçi Misli Premyer Liqasının 31-ci turunda “Səbail”ə 0:2 hesablı məğlubiyyətdən danışıb: “Sırf şanslarımızdan yararlanmadıq deyə uduzduq”.
Əliyev komandadakı baş məşqçi dəyişikliyindən, Elmar Baxşıyevin təyinatından danışıb: “Hər şey qaydasındadır. Məşq prosesimiz yaxşıdır, nizam-intizam yerindədir. Məşqçilər lazım olanı edirlər, çalışırlar. Onlar komandanın son zamanlardakı uğursuz çıxışını analiz edirlər, vəziyyəti dəyişməyə çalışırlar. Biz də çalışırıq ki, kömək edək. İnanıram, vəziyyət dəyişəcək. Növbəti oyunumuz “Zirə”yə qarşıdır. Rəqib ikinci yerdə gedir. Amma buna baxmayaraq, qələbə üçün meydana çıxacağıq”.