“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi”yə qarşı baş tutan cavab görüşündən sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis 4:1 hesablı qələbəni belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Finala vəsiqə qazandıq. Ölkə kuboku əlavə prestijdir. Hər bir futbolçu kuboku qazanmaq istəyər. Oyundan ümumən razı qaldım. “Neftçi”yə uğurlar arzulayıram.

Yayda böyük dəyişiklik etmək fikrində deyilik. Öz düşündüklərimizi daha da yaxşılaşdırmaq, tezləşdirmək istəyirik. Məşqlərdə çalışırıq, oyunçulardan da tələb edirik. Nəyisə təkmilləşdirmək şansımız varsa, komandadan bunu tələb edirik. Sistem dəyişikliyinin tərəfdarı deyiləm. Sadəcə, oyunun gedişatında əlavə kombinassiyalar, əlavə rotasiyalar edirik. Amma çox da futbolçuların fikirlərini yayındırmaq istəmirəm. Əvvəl rəqibə oynamağa imkan verməməliyik, sonra da düşündüklərimizi reallaşdırmalıyıq. Qarşıda əlavə nəsə etmək istəsək, istifadə edəcəyik.

Andrey Lunyovun komandada qalmasında problem görmürəm. Futbolçuların çoxunun bizimlə müqaviləsi var. Klub razılıq verməsə, harasa getmələri baş tutan məsələ deyil. Ola bilər ki, həvəssizlik olsun. Amma hamısı bizim oyunçulardandır. Rəsmi olaraq təklif yoxdur. Narahat olası bir şey görmürəm.

Rəşad Sadıqovla meydanda bir-birimizə rəqibik. Çox yaxın dostuq. Amma aramızda müəllim – şagird söhbəti olmayıb. Nəinki Rəşadla, digər futbolçularla da. Bəli, mənə müəllim, hoca deyirlər. Amma bu, bir peşəkar işdir, sənətdir. Bu gün Rəşad özü komandanı idarə edir, özü öz düşüncələrini həyata keçirmək istəyir. İki dostun qarşılaşması olacaq. Bundan əvvəl də maraqlı finalımız olmuşdu. Penaltilərlə qalib gəlmişdik. Əminəm ki, bu oyun da azarkeşlər üçün maraqlı olacaq”.

Shares: