“Qəbələ” nağılı bitdi. Bəlkə də ölkə kubokunun finalına çıxsaydı, bu komandanın Premyer Liqada qalması üçün əlyeri olardı. Amma indi elitada komanda sayı artmasa, idman prinsiplərinin qorunması gərək olacaq və “qırmızı-qaralar” I Liqaya gedəcək.

Kaxaber Sxadadze nağılı da bitdi. O, bir neçə gün öncə “ilin oyunu” adlandırdığı matçda növbəti dəfə məyus oldu. Gürcü çalışdırıcı beləcə uğurlu günlərinin geridə qaldığını göstərdi. Zaman sübut etdi ki, Kaxa “Qəbələ”yə heç bir təklif almadığı üçün gəlib. Burada özünü göstərib yeni dəvətlərə ümidli idi, lakin onun gəlişindən sonra bölgə klubu qələbəyə həsrətdir.

“Zirə” layiq olduğu qələbəni (2:0) qazanıb Rəşad Sadıqovun rəhbərliyi altında ikinci dəfə finalda “Qarabağ”a rəqib oldu. Bununla avrokuboka vəsiqəyə ümid edənlər də qismən rahatlaşdı. “Qəbələ” finala çıxsaydı, titul qazanmaq şansı olacaqdı, belədə çempionatdan 2-3-cü yerlər Konfrans Liqasına yollanacaqdı. İndi isə ilk “dördlüy”ə düşmək kifayət edəcək. Yalnız “Zirə” aşağı yuvarlanıb kuboku qazanarsa, vəziyyət dəyişəcək. Amma yəqin ki, “qartallar” “Qarabağ”la həlledici matçda qələbəyə ümid etməyib, daha çox çempionatda arzusuna çatmağa çalışacaq.

“Neftçi”nin aqibəti əvvəldən bəlli idi. Yarımfinalın ilk oyunundakı 0:4-dən sonra möcüzəyə də ümid qalmamışdı. Və “Qarabağ” növbəti darmadağınla kiçik şübhələri də aradan qaldırdı. İki oyuna 1:8 “Neftçi” adına fiasko sayılmalıdır. Hətta ağdamlılara daha çox qol vurmaq lazım olsaydı, top fərqi ikirəqəmli ola bilərdi. Qapı tirindən qayıdan zərbələr, əlverişli şansların boşa xərclənməsi “Qarabağ”ın aşkar üstünlüyünün nümunəsi idi.

“Neftçi”nin oynadığı futbol deyil. Miodraq Bojoviç komandanı daha da rəzil günə salıb və Adrian Mutuya rəhmət oxutdurur. Ölkənin ən yaşlı, ən böyük büdcəli klubu belə acınacaqlı duruma düşməməliydi. Əmin olun ki, çempionatda da fərqli ssenari olmayacaq və bakılılar son tura kimi əcəl təri tökəcək.

“Qarabağ” – “Zirə” finalı çempionatın hazırda ən güclü iki komandasının dueli olacaq. Belə həlledici matçlarda isə hər cür nəticənin qeydə alınması mümkündür. İki il öncə rəqibi üzərində çətinliklə qələbə çalan ağdamlılar yenə eyni vəziyyətə hazır olmalıdır.

FƏRİD

Shares: