Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı qrossmeyster Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olması barədə danışıb:

“İnanın, sevincimi sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu”.

Şahmatçı təmkinli oyun nümayiş etdirdiyini bildirib: “Bu yarışda rahat idim. Çalışırdım hisslərə imkan verməyim. Çünki bir səhv arzumun həyata keçməsinə mane ola bilərdi. Qitə yarışında uğurlu çıxış etməyimdə gərgin məşqlərin rolu böyükdü. Dəstək olan bütün məşqçilərə təşəkkür edirəm. Mənimlə çalışan məşqçi Yevgeni Tomaşevskinin adını çəkməyə bilmərəm. Və əlbəttə, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova minnətdaram. AŞF rəhbərliyi mütəmadi olaraq hazırlığımızla maraqlanır, təcrübəli məşqçiləri işə cəlb edir. Onların ümidini doğrultduğum üçün şadam”.

İdmançı sona 2 tur qalmış həyəcanın artığını deyib: “Ən yaxın izləyicimi 1 xal qabaqlayırdım. Son turları düşünəndə həyəcan gəlirdi. Birdən səhv olar və turnir cədvəlində vəziyyət dəyişər. Çox istəyirdim ki, çempionatı birinci yerdə başa vurum”.

Qrossmeyster 2022-ci ildə Avropa çempionatında bürünc medal qazanmasının ardından qızıl mükafata sahib çıxmasının sevindirici hal olduğunu dilə gətirib: “Əvvəllər yarışdan əvvəl ancaq qələbə barədə düşünürdüm. Nəticə olmayanda, təbii ki, pis təsir edirdi. Yəni getdiyim turnir barədə fikirləşirdim. İndi daha böyük düşünürəm. Məşqlərdə gələcəkdə bütün yarışları hədəfə alıram. Bir yarışda alınmaz, digərində alınar. 2022-ci ildə bürünc medaldan sonra düşünürdüm ki, görəsən, bunu qızıl mükafata çevirə bilərəm? Xəyal qururdum. İnanırsınız, bəzən adam özünə inanır, bəzən inanmır. Xəyalım indi gerçəkləşdi, azrzum həyata keçdi. 2020-ci ildə pandemiyadakı vəziyyəti hamı xatırlayır. Hər tərəf bağlı idi. O günlərdə hazırlaşanda özüm üçün xəyal qururdum. Yunanıstana yollananda çempionluğu arzulayırdım, xəyal edirdim. İndi arzuma çatdım. Hisslərimə yer vermədim, şahmatdan zövq alaraq hər tur qələbə qazanmağa çalışdım”.

Fətəliyeva bu qələbənin sentyabrda Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan millisinə kömək edə biləcəyini vurğulayıb: “Qitə çempionatı başa çatmayıb, hazırda son turun oyunları davam edir. Şəxsi Avropa çempionatında medalımızın sayı çox ola bilər. Komanda yoldaşım Günay Məmmədzadənin mükafatçılar sırasında yer almaq şansı var. Olimpiadaya gəldikdə, qadın şahmatçılardan ibarət millimiz hər yarışda şahmat həvəskarlarını sevindirməyə çalışır. Düşünürəm ki, Avropa çempionatındakı qələbə hər bir şahmatçımıza kömək ola bilər”.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb. O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb.

Shares: