MBA-da bu gecə pley-offun daha 3 oyunu baş tutub. Evdə üstünlük əldə edə bilməyən “Boston Seltiks” Mayamidə ardıcıl ikinci qələbəni qazanıb – 102:88.

Bununla da seriyada hesab 3:1-ə çatıb. Qarşıdakı oyun Bostonda keçiriləcək. “Seltiks” komandasının növbəti mərhələyə yüksəlməsi üçün bir qələbəyə ehtiyacı var.

Oyunun ən məhsuldar basketbolçusu Vayt olub. Onun aktivində 38 xal var. Teytun 20 xal və 11 ribaundla komanda yoldaşına dəstək olub.

Digər iki oyundan sonra isə seriyalar başa çatıb. Gözlənildiyi kimi, “Los-Anceles Leykers” son çempiona ciddi müqavimət göstərə bilməyib. Ötən oyunda bir qələbə qazanmaqla seriyanı uzadan Lebron Ceymsin komandası Denverdə gərgin keçən qarşılaşmada 106:108 hesabı ilə uduzub. Bu qələbə sayəsində “Naggets” konfransın yarımfinalına yüksəlib. Orada onun rəqibi Minnesota təmsilçisi olacaq.

Həlledici atışın müəllifi Camal Mürrey oyunu 32 xalla tamamlayıb. Nikola Yokiç isə 25 xal və 20 ribaundla yadda qalıb. Qonaq komandada Lebron Ceyms 30 xal toplayıb.

“Oklahoma-Siti Tanders” – “Nyu-Orlean Pelkians” seriyası quru hesabla yekunlaşıb. Səfərdə 97:89 hesablı qələbə sayəsində oklahomalular seriyanı məğlubiyyətsiz başa vurublar.

Shares: