AFFA rəhbərliyi hakimlərlə bağlı baş verənlər qarşısında acizdir. Hiss olunur ki, bu sahəyə nəzarət edə bilmirlər. Ola bilsin, hələlik islahatlara start vermək üçün şərait yetişməyib, araşdırmalar davam edir, son dəqiqləşmələr aparılır. Amma görünən kəndə bələdçi lazım deyil. Bir qrup insan Parisdəki himayədarına arxalanaraq ölkə futbolunda komandaların taleyi ilə oynayır və cavabdehər bu durumu sadəcə seyr edir.

Halbuki hətta sıravi azarkeşlər də nələrin baş verdiyinin fərqindədir. Plan “Sumqayıt”la “Səbail”in avrokuboka vəsiqə qazanmasının təmin edilməsi idi, mövsüm boyunca buna səhd edildi. AFFA-nın sabiq vitse-prezidenti Elxan Məmmədovun adamlarını yerləşdirdiyi bu komandalara eyni dəstənin üzvləri olanlar yardım etməli idi. AFFA Hakimlər Komitəsində belələri yetərincədir. Sədrdən departament rəhbərinə, sıravi hakimlərə kimi böyük bir dəstə bu iki komandanın uğuru üçün hər şey etdi, edir.

Zaman göstərdi ki, “Səbail” buna hazır deyil, hətta hakimlərin misilsiz yardımları da “dənizçilər”ə kömək etmədi. Düzdür, başqa komandaların haqqı yeyildi, amma Bayıl təmsilçisi hədəfinə çatmadı və bundan da faydalanan “Sumqayıt” oldu. Çünki hakimlər “Sumqayıt”la yox, onun əsas rəqibləri ilə görüşdə “Səbail”ə yardım etdilər, “kimyaçılar”ın yolunu açdılar.

“Sumqayıt” isə avrokubok mübarizəsində bugünədək duruş gətirməyi bacarıb. Bunda Samir Abasovun da rolu var. Baş məşqçinin işini danmaq olmaz, komanda yaxşı futbol oynamağa çalışır, heyətdə diqqətçəkən futbolçular var. Lakin təbii ki, nəticələrdə hakim yardımı böyük rol oynayıb. Komandada işlər yolunda getməyəndə onlar “Sumqayıt” forması geyərək vəziyyəti dəyişiblər.

Mövsümün ilk iki dövrəsində “Sumqayıt” hakim yardımından xeyli faydalanıb, lakin o zaman bu, bir o qədər gözə görünməyib. 2024-cü ildə isə klubun menecer-prezidenti Riad Rəfiyev Hakimlər Komitəsindəki dostları sayəsində çempionatı oyuncağına çevirə bilib. Mövsümün ikinci yarısının 14 turu ərzində hakimlərin “Sumqayıt”ın rəqiblərinə qarşı qərəzli səhvlərini sadalamaqla bunu görmək olar.

19-cu tur. Qəbələ – Sumqayıt 0:1

Baş hakim: Kamal Umudlu; VAR: Əliyar Ağayev.

74-cü dəqiqədə meydan sahiblərinin qapısına gülünc penalti zərbəsi təyin edilir və bu, oyunun yekun nəticəsini müəyyənləşdirir. “Sumqayıt” heç-heçə davam edən oyunda bonus kimi əlavə 2 xal qazanır.

20-ci tur. Araz-Naxçıvan – Sumqayıt 1:1

Baş hakim: Əliyar Ağayev; VAR: Rauf Allahverdiyev.

51-ci dəqiqədə “Sumqayıt”ın futbolçusuna aşkar qırmızı vərəqə verilmir, son dəqiqələrdə isə “kimyaçılar”ın qapısına penalti təyin edilmir. Beləcə Riad Rəfiyevin komandası layiq olmadığı 1 xalı əldə edərkən, naxçıvanlıların 2 xalı “yeyilir”.

28-ci tur. Sumqayıt – Araz-Naxçıvan 1:0

Baş hakim: Kamranbəy Rəhimov; VAR: Cavid Cəlilov.

5-ci dəqiqədə qonaqların qapısına təyin olunan penalti sadəcə, gülünc idi. Yekun hesab həmin cərimə zərbəsindən vurulan qolla müəyyənləşdiyindən, hakimlər nəticəyə təsir etmiş sayılmalıdır. Beləcə “kimyaçılar” əlavə 2 xal qazandı, naxçıvanlıların azı heç-heçəsi əlindən alındı.

29-cu tur. Neftçi – Sumqayıt 1:1

Baş hakim: Elçin Məsiyev; VAR: Rəşad Əhmədov.

Bu matçda baş hakim əsl niyyətini göstərdi. Bakılıların təmiz qolu hesaba alınmadı, yüzfaizzlik penaltisi təyin edilmədi. Məsiyev hətta VAR-a baxmaqdan imtina etməklə məqsədini nümayiş etdirdi. Yekunda hesabına layiq olmadığı 1 xalı əlavə edən “Sumqayıt” “Neftçi”nin də 2 xal itirməsi ilə vəziyyətini yaxşılaşdırdı.

32-ci tur. Sumqayıt – Qarabağ 1:0

Baş hakim: Rauf Cabarov; VAR: Tural Qurbanov.

Bu matçın son dəqiqələrində “Sumqayıt”ın qapısına təyin edilməyən penalti komandanın hazırda 2-ci pillədə olmasının əsas səbəbidir. Hakimlər oyunun gedişində bircə epizod tuta bildi və həmin anda da meydan sahibləri üçün hər şeyi etdi. Beləcə “kimyaçılar” 2 xal itkisindən qaçmağı bacardı, çempionluğu təmin edən ağdamlılar isə 30 oyundan sonra meydanı qol vurmadan tərk etdi.

Mövsümün ilk yarısında da “Sumqayıt”a xeyli hakim köməyi olub, amma bu statistika yalnız 2024-cü ildəki qarşılaşmalara aiddir. 14 oyunun beşində hakimlər Riad Rəfiyevin fəhlələri kimi çıxış edib. Hələ bu, yalnız nəticəyə təsir edən səhvlərlə bağlı qeydlərdir. Oyunun gedişində xırda epizodlarda da sumqayıtlılar hakimlərin mərhəmətini görüb. Ən əsası, mövsüm ərzində saysız hakim səhvlərindən heç biri “kimyaçılar”ın əleyhinə olmayıb.

Ümumiləşdirsək, “Sumqayıt” təkcə mövsümün ikinci hissəsində hakim köməyi sayəsində 8 xal qazanıb. Bunu komandanın indiki xalından çıxsaq, komanda 6-8-ci pillələrə enib, “Səbail”lə “Turan Tovuz”a şərik olmalı idi. Üstəlik, “Neftçi” oğurlanan xallarının yerinə gəlməsi ilə 2-ci pillədə qərarlaşmalı və sumqayıtlıları 10 xal qabaqlamalıydı.

Hörmətli AFFA rəhbərliyi, gözünüzü açıb həqiqəti görün. Elxan Məmmədov əlaltıları vasitəsi ilə sizin imicinizi zədələyir, Riad Rəfiyev isə çempionatı özünə sərfəli formada idarə edir. Məqsəd həm sizin bacarıqsızlığınızı sübut etmək, həm də Rəfiyevin komandasını avrokuboka göndərib onu uğurlu idarəedici kimi reklam etməkdir.

FƏRİD

P.S.: “Sumqayıt”a etdiyi yardıma görə Elçin Məsiyev 2 turluq cəzalanmışdı, Kamranbəy Rəhimov isə bugünədək Premyer Liqa matçların baş hakim kimi təyinat almır. Lakin onların cəzalanması avrokuboklara vəsiqə üçün mübarizə aparan komandaların itkilərini yerinə qaytarmayacaq. Həmin xallar olmasaydı, ind “Neftçi”, “Zirə” və “Sabah” dha rahat olar, izləyicilərindən azı 7 xal aralanardı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp