Akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024”ün açılış mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, tədbir Suqovuşanda baş tutub.
Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib. Ardınca iştirakçı ölkələr təqdim olunub.
Elnur Məmmədov tədbir iştirakçılarını nazirlik adından salamlayıb və idmançılara uğurlar arzulayıb: “Avarçəkənimiz Diana Dımçenkonun olimpiadaya lisenziya qazanması bizim üçün böyük nəticədir. Bütün işlərə görə AKAF-ın rəhbərliyinə və hər bir əməkdaşına minnətdarıq”.
AKAF-ın baş katibi Fərhad Əliyev yarışın bu il də Suqovuşanda start götürəcəyini xatırladıb: “İnanırıq ki, üç gün ərzində maraqlı mübarizə izləyəcəyik. Bütün komandalara uğurlar arzulayıram”.
Çingiz Hüseynzadə yarışın əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “44 günlük Vətən müharibəsi dövründə ilk azad edilən ərazilərdən biri Suqovuşan idi. İlk yarış da burada gerçəkləşdi. Ümid edirəm ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən yarış növbəti illərdə də keçiriləcək və iştirakçıların sayı artacaq. İki ay sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Diana Dımçenkonun lisenziya qazanması münasibəti ilə AKAF-ı təbrik edirəm. Bütün idmançılara uğurlar arzulayıram və yarışı açıq elan edirəm”.
Dörd gün davam edəcək turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparacaq.
AKAF-ın təşkilatçılığı ilə baş tutacaq beynəlxalq reqata Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunub.
Qeyd edək ki, Suqovuşan və Mingəçevirdə gerçəkləşəcək yarış mayın 3-də başa çatacaq.