“Kəpəz”in portuqaliyalı qapıçısı İqor Rodriqesin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının XXXII turunda səfərdə “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazandınız. Matçla bağlı fikirləriniz necədir?

– Bütün oyunlara olduğu kimi, “Qəbələ” ilə matça da qələbə üçün çıxmışdıq. Bilirdik ki, bu oyunda yaxşı nəticə əldə edəcəyimiz halda, Premyer Liqada qalacağımız rəsmiləşəcək. Meydana özünəinam hissi ilə ayaq basmışdıq, məqsədimiz də ancaq qalib gəlmək idi. Erkən qol vurmaq işimizə yaradı. Bundan sonra daha soyuqqanlı oynadıq və hesabdakı üstünlüyümüzü sonadək saxlaya bildik.

– Bu görüşdən sonra “Qəbələ”nin mövsümü sonuncu pillədə bitirəcəyi dəqiqləşdi. Rəqibiniz olsa da, yaxşı infrastruktura malik komandanın Premyer Liqanı tərk etməsinə üzüldünüz?

– Açığı, mənim üçün ən vacib məqam bizim Premyer Liqada qalmağımız idi. Uzun müddət Portuqaliya liqasında oynadığım üçün hansısa komandanın çempionatı tərk etməsini normal qarşılayıram. Düzdür, bu, məyusedici məqamdır. Amma nə etmək olar? Bu, reallıqdır, çempionatın özəlliklərindən biridir ki, sonuncu yeri tutan komanda liqanı tərk etməlidir. Çox istərdim ki, liqada iştirak edən komandaların sayı artırılsın. Belə olsa, çempionat daha maraqlı və rəqabətli keçər.

– Cari mövsümü “Kəpəz” üçün ümumilikdə necə xarakterizə edərdiniz?

– “Kəpəz” üçün mövsüm yaxşı başlamamışdı. Amma uğursuz nəticələr bizim üçün dərs oldu və həmin andan etibarən komanda şəklində vəziyyəti dəyişdik, ayrı-ayrılıqda hər bir futbolçu “Kəpəz”ə bacardığı qədər xeyir verdi. Kollektiv halında birləşdiyimiz üçün mövsümün əvvəlində itirdiyimiz xalları geri qaytara bildik. Əsas odur ki, qarşımıza qoyulan minimum hədəfə çatdıq, liqadakı yerimizi qoruduq.

– Növbəti turda sizi “Sumqayıt”la oyun gözləyir. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?

– Rəqib yaxşı komandadır, amma istənilən komanda ilə oynamaq olar. Məqsədimiz dəyişmir. Hər bir görüşə olduğu kimi, bu oyuna da qalib gəlmək üçün çıxacağıq.

– Cari mövsümü 8-ci pillədə bitirə biləcəksiniz?

– Sonadək mübarizə aparacağıq. Qalan 4 oyunda da bacardığımız qədər çox xal toplamağa çalışacağıq. Hazırda 9-cu pillədə qərarlaşmışıq, amma mövsümü daha yuxarı yerdə bitirmək imkanımız var. Bundan istifadə etmək istəyirik.

– Mövsümün əvvəlində Adil Şükürovun baş məşqçi postuna gətirilməsindən sonra “Kəpəz”in oyunu, performansı müsbətə doğru dəyişdi. Əgər həmin təyinat baş tutmasaydı, komandanız liqa ilə vidalaşa bilərdi?

– Bu suala necə cavab verəcəyimi bilmirəm. Bu, faktdır ki, Adil Şükürov ortaya yaxşı iş qoydu. Bunu etmək həmin vaxt “Kəpəz” üçün çox vacib idi.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp