Milli komandamızın baş məşqçi postuna namizədlərin yekun siyahısı bəlli olmaq üzrədir. AFFA hazırda 5 əcnəbi mütəxəssislə təmas halndadır və onlar arasında favoritlər var.

Futbolinfo.az xəbər verir ki, Canni de Byazinin gedişindən sonra vakant qalan posta namizədlər müxtəlif ölkələrdəndir. İtaliyadan İsveçrəyə, Türkiyədən Slovakiyaya qədər axtarışda olan AFFA təəssüf ki, Elxan Məmmədovun xəttini davam etdirir və azərbaycanlı mütəxəssislər hətta yada da düşmür.

Milli komandaya təyinat üçün yaradılan İşçi Qrup fəaliyyətsizdir. Əldə etdiyimiz bilgiyə görə, seçimlərlə birbaşa AFFA prezidenti Rövşən Nəcəf və katiblik məşğuldur, danışıqları da baş katib funksiyasını da yerinə yetirən icraçı vitse-prezident Sərxan Hacıyev aparır.

Urs Fişerlə danışıqlar aparıldığı barədə xəbər vermişdik. AFFA, eləcə də isveçrəli mütəxəssis informasiyanı təkzib etsə də, əldə etdiyimiz bilgiyə görə tərəflər görüşüb, şərtləri müzakirə ediblər. Lakin Berlin “Union”unun sabiq baş məşqçisinə hazırda ehtiyat variant kimi baxılır. Çünki əsas namizəd Vladimir Vayssdır.

Bu barədə hələ 2024-cü ilin ilk günlərində yazmışdıq. O zaman sadəcə, namizədlərdən biri olan slovakiyalı mütəxəssis indi milli komandamızın gələcək baş məşqçisi kimi görünür. Vayssla bağlı yeganə problem “Slovan”la müqaviləsinin davam etməsidir. AFFA Bratislava klubuna kompensasiya ödəmək istəmir. Məşqçi problemi özü həll edə bilsə, elə bu ay təyinatı rəsmiləşəcək.

Vayss variantı Sərxan Hacıyevin bir müddət öncə verdiyi açıqlamaya da uyğundur. İcraçı vitse-prezident namizədlərin müəyyənləşməsi üçün müxtəlif kriteriyaları sadalamış, onun regionu tanımasının vacibliyini də vurğulamışdı. Slovakiyalının vaxtilə Gürcüstan millisində işlədiyini nəzərə alsaq, onun Qafqaza bələd olduğunu deyə bilərik.

2021-ci ilin mayından Bratislava “Slovan”ına rəhbərlik edən 59 yaşlı çalışdırıcı vətəni ilə yanaşı Rusiyada, Qazaxıstanda işləyib. Heç vaxt boşda qalmayan məşqçi 2008-ci ildə Slovakiya millisinə təyinat alıb, burada 3,5 il işləyib. Milli komandadakı son 6 ayında paralel olaraq “Slovan”a rəhbərlik edən Vayss 2012-nin yayında bratislavalılardan da ayrılıb. O, 2016-cı ilin martından 2020-ci ilin noyabrınadək ikinci dəfə milli karyerası yaşayıb. Qonşu Gürcüstanın milli komandasından ayrıldıqdan sonra isə “Slovan”dadır.

FƏRİD

Shares: