“Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri Ağdam klubunun transfer siyasətini dəyərləndirib. Şimali makedoniyalı keçmiş yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında Azərbaycanda futbolçu satışlarının artmasını xüsusi vurğulayıb.

50 yaşlı mütəxəssis bunda “Qarabağ”ın rolunun böyük olduğunu düşünür: “Əvvəllər Azərbaycanda çıxış edən futbolçulara o dərəcədə də maraq olmurdu. Ancaq indi “Qarabağ”ın sayəsində Azərbaycan çempionatı artıq tramplinə çevrilib. Son illər Ağdam təmsilçisi futbolçu satışlarına başlayıb. Bu da Azərbaycan futbolunun növbəti mərhələyə keçdiyini göstərir. Ümid edirəm ki, digər klublarınız da “Qarabağ” səviyyəsinə çata bilər. Belə olarsa, həm rəqabət artar, həm də avrokuboklarda “Qarabağ” tək mübarizə aparmaz”.

Şakiri Azərbaycan Premyer Liqasında çempionluğu öncədən rəsmiləşdirən Qurban Qurbanovun yetirmələrinin Avropa Liqasında cari mövsümdəki uğurlu çıxışına da münasibət bildirib: “Qarabağ”ın bu mövsüm Avropa Liqasında 1/8 finala qədər irəliləməsi illərdir çəkilən əziyyətin bəhrəsi idi. Belə təsadüf ola bilməz. Hətta mən deyərdim ki, komanda daha artığına layiq idi. Təəssüf ki, qarşılarına həm ən yaxşı formada olan “Bayer” çıxdı, həm də hər iki görüşdə bəxtsizliklə üzləşdilər. Buna rəğmən “Qarabağ” Avropada özünə qarşı simpatiya topladı. 15 il əvvəl “Qarabağ”da oynasam da, hara gedirəmsə, məndən bu komanda haqqında soruşurlar”.

Qeyd edək ki, Artim Şakiri 2008-2009 mövsümündə “Qarabağ”ın formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp