“Neftçi”nin növbəti mövsüm üçün anlaşdığı deyilən nigeriyalı futbolçu Akinkunmi Amoo barədə maraqlı məlumatlar əldə etmişik.

Futbolinfo.az saytının araşdırmasına görə, 22 yaşlı vingerin tez-tez klub dəyişdirməsinin səbəbi heç də futbol meydanlarındakı performansı deyil.

Məsələ burasındadır ki, bir vaxtlar “yeni Messi” adlandırılan Amoo özünü heç də argentinalı həmkarı kimi peşəkar apara bilməyib. İlk peşəkar klubu olan “Hammarbü”də parlaq çıxışı sayəsində diqqətləri üzərinə çəkən oyunçu 2022-ci ilin yanvarında böyük ümidlərlə Danimarka “Kopenhagen”inə transfer olunub. Lakin “Kopenhagen” 4,3 milyon avroya aldığı hücumçudan xeyir görə bilməyib.

Əvvəlcə çarpaz bağı qopduğu üçün futboldan uzaq düşən Amoo, ötən ilin iyun ayında cinsi təcavüzə görə məhkum edilib. Məhkəmə onunla bağlı birillik həbs qərarı verib, ardından ölkədən deportasiyası barədə hökm oxunub. Hətta qərarda o da vurğulanıb ki, futbolçunun 6 il müddətinə Danimarkaya girişi qadağan edilsin.

İlyarım ərzində “Kopenhagen”in əsas komandasında cəmi 4 matçda meydana çıxan Nigeriya millisinin sabiq üzvü üçün ötən ilin yayında “Omoniya”dan gələn təklif göydəndüşmə olub. Halbuki həmin ərəfədə o, karyerasını bitirmək barədə də düşünürmüş. Kipr klubu Amoo ilə uzunmüddətli müqavilə bağlasa da, hücumçunun oradakı karyerası da uzun sürməyib. “Omoniya”da cəmi 6 oyunun iştirakçısı olan Akinkunminin uzunmüddətli müqaviləsinə bu ilin martında klub tərəfindən xitam verilib. Rəhbərlik isə bunu şəxsi səbəblərlə əlaqələndirib. Görünür, Amoo Kiprdə də özünü yaxşı aparmayıb. Sadəcə, klub onun davranışını ictimaiyyətə yaymaq istəməyib.

Qeyd edək ki, “Neftçi”nin Akinkunmi Amoo ilə 4 illik müqavilə imzalaması gözlənilir. Klub xəbəri təsdiqləməsə də, futbolçunun Bakıdakı məşqdə çəkilmiş fotosu xəbərin doğruluğu üçün kifayət edir.

ed54ee09 9d23 4511 8887 4b01dbfe255b 1 - Futbolinfo.az
Shares: