İdman jurnalistikası son 20 il ərzində medianın ən sürətlə inkişaf edən seqmentidir. Bunun da əsas səbəbi elə idmanın özüdür.
İdmanın cəmiyyətdə rolu gündən-günə artır. O, artıq dövlətlərə, cəmiyyətə, transmilli korporasiyalara, kiçik və orta biznes nümayəndələrinə və bir də şübhəsiz ki, geniş auditoriyaya maraqlıdır. Bu marağın və informasiyanı yüksək texnologiyalarla ötürmə imkanlarının genişlənməsi sayəsində idmanın yayımı qlobal səviyyəyə çatıb. Yeni texnologiyalar auditoriyanın diqqətinin televiziyadan başqa sahələrə yönəlməsinə gətirib çıxarır.
Uzun illər idman yeniliklərinin əsas carçısı olan xəbər teleproqramları yavaş-yavaş öz yerini internet-portal və sosial mediaya verir. Bunun da bir neçə səbəbi var: operativliyin aşağı olması, mövzuların genişliyi, interaktivliyin yoxluğu, istehsalın bahalığı, rəqabətin artması. Buna baxmayaraq, telexəbərlər hazırlayan jurnalistika məğlubiyyətlə barışmaq fikrində deyil.
Televiziya müasir dövrdə idman xəbərləri sahəsində geniş auditoriyaya nə verə bilər? Tamaşaçı kütləsini qoruyub saxlamaq üçün variant və imkanlar kifayət qədərdir. Ən başlıca şərt kontentin unikallığı, materialın qeyri-standard ötürülməsi və heyətin peşəkarlığı olmalıdır.
İdman – qlobal insan mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Son onilliklərdə cəmiyyətin idmana marağı dəfələrlə artıb. Bir dövlətin daxilindəki cəmiyyət idmanın sayəsində birləşə və ayrıla bilir. Bu da həmin idman hadisəsinin ölkə üçün vacibliyindən asılıdır. Misal üçün Braziliyanı götürmək olar: futbol üzrə dünya çempionatları ölkəni tamamilə dəyişir. Eyni hal ABŞ-də superboul, Rusiya və Kanadada böyük hokkey turnirləri zamanı baş verir. Ölkəmizi də bu siyahıya əlavə etmək istəsək, ilk növbədə “Qarabağ” klubunun avrokubok oyunları və Yay Olimpiadasını misal çəkməliyik.
İdman jurnalistikasının seqmenti idman sferasının genişlənməsinə görə artıb. Öz işinin öhdəsindən effektiv şəkildə gəlməsi üçün idman jurnalistikası əvvəlki standardlardan əl çəkməlidir. Ötən əsrlə müqayisədə iş prinsipi tamamilə dəyişib. Bu dəyişiklik həm keyfiyyətdə, həm də kəmiyyətdə özünü büruzə verir. Əgər keçən əsrin ortalarında London Olimpiya oyunlarında 2 min jurnalist akreditasiyadan keçmişdisə, 64 il sonra, eyni yerdə press-sentrdə dünyanın müxtəlif ölkələrindən olan 21 min jurnalist çalışırdı. Bundan başqa, daha 10 min akreditasiyadan keçməyən jurnalist Britaniya paytaxtının müxtəlif yerlərində Olimpiya Oyunlarından materiallar hazırlayırdı. Londona gəlməyən, amma Olimpiada ilə bağlı süjetlər hazırlayan jurnalistlərin sayını isə təsəvvür etmək olmir. Bu rəqəm bəlkə də 100 minlərlə media işçisi deməkdir.
Marağın artması ilə birlikdə, idman jurnalistikası seqmenti daxilində rəqabət də artıb. Yeni kontent formaları və informasiyaların yeni ötürülmə kanalları yaranıb. Əlbəttə ki, dünya inkişaf etdikcə , dəyişikliklər də labüddür: bir zamanlar televiziya radio və qəzetlərə zərbə vurmuşdu, indi isə yeni media formaları televiziyanın əlindən auditoriyasını alır. Bunun da nəticəsində idman jurnalistikasının ənənəvi sahəsi olan idman xəbərləri əhəmiyyətini itirir.
Bu yazıda idman xəbərləri jurnalistikasının hazırkı problemlərini araşdırmağa və həlli yollarını tapmağa çalışacağıq. Müasir idman xəbərlərinin problemlərinin təşkilati və məzmuni olduğunu söyləmək olar. İlk növbədə məzmunla bağlı problemlərə nəzər yetirək.
Birinci problem: mövzuların həddən artıq çoxluğu
İdman mediasında çalışan istənilən redaktorun üzləşdiyi əsas problemlərdən biri mövzuların çoxluğudur. Son illərdə idman təqvimi həddindən artıq sıxlaşıb. Hər gün onlarla idman yarışı baş tutur. Bəzi növlərdə idmançıların yüklənməsi o səviyyəyə çatıb ki, Həmkarlar Şurası həyəcan təbili çalmağa başlayıb. Onlar turnirlərin sayının azalmasını tələb edir. Misal üçün, 2008-ci ildə güclü təzyiqlərdən sonra WTA turnirlər arasındakı istirahət günlərinin məcburiliyini bərpa etdi.
Bir çox analitiklərin fikrincə, müasir idman strukturu kapitalizmin yeni elementidir. İnsanların rifahı, millətlərin geosiyasi vəziyyəti idmanla əlaqəli beynəlxalq maliyyə axınından və proseslərindən asılı ola bilir. Buna misal kimi, böyük büdcələrə malik futbol üzrə dünya çempionatlarını, Olimpiadaları, futbol üzrə Çempionlar Liqasını və digər yarışların adlarını çəkmək olar. Güclü sponsorlara malik belə tədbirlər, fərdlərin mədəni simvollara çevrilməsinə də şərait yaradır. İdman mətbuatı da belə fərdləri (məsələn, Kriştianu Ronaldo, Lionel Messi və s.) dünyəvi miqyasa qaldıra bilir.
(davamı olacaq)
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu