2022-2023-cü illər mövsümündə ölkə kubokuna yiyələnən, çempionluğu son saniyələrdə qaçıran “Gəncə” basketbol klubu bu il hədəflərndən uzaq düşdü. Liqa boyu 23 xal toplayan komanda 8-ci pillədə qərarlaşdı və pley-offa düşmədi.
Buna baxmayaraq, komanda çempionatda doğma meydanda çıxdığı son oyununu əla keçirdi. Hesabda geri olan gəncəlilər əzmkarlıq göstərək “Sumqayıt”ı məğlub etməyi (86:82) bacardı.
Komandanın türkiyəli baş məşqçisi Bedri Meriç gələcək mövsümlə bağlı danışarkən yaxşı kollektiv formalaşdırmaq istədiklərini, amma hələlik əcnəbi limitini gözlədiklərini söyləyib: “Gələcək mövsüm burada pley-offa yüksələ biləcək, ilk sıralarda yer alacaq bir kollektiv qurmaq istəyirik. Bu il həm zədələr, həm məşqlərə gec başladığımız üçün bəzi səhvlərimiz oldu. Amma bizə dəstək olan gəncəli azarkeşlərə çox təşəkkür edirəm. Onlar avrokuboklara yollanacaq komandanı haqq edirlər. İnşallah, növbəti il biz buna nail olacağıq. İlk olaraq əcnəbi limiti ilə bağlı qərar gözləyirik. Bu il 3 legioner oynada bilirdik, sayın 4-ə çatması da ola bilər. Limitə görə fərqli planlar quracağıq. Amma 2 yerli, 3 əcnəbi oyunçu limiti saxlanılsa, mütləq şəkildə yaxşı yerli basketbolçulara ehtiyacımız var”.
Çalışdırıcı növbəti mövsümdə komandanın ev oyunlarını yeni istifadəyə verilən Gəncə İdman Sarayında keçirəcəklərinin sevindici məqam olduğunu deyib. Arena haqda fikrini bildirən mütəxəssis basketbol zalının müasir standartlar səviyyəsində qurulduğuna diqqət çəkib: “Yeni zalımız açılacaq. Yeni sarayla bərabər yeni həyəcan, yeni bir komanda olacaq. İnşallah hər şeyi Gəncəyə yaraşan şəkildə edəcəyik. Yeni zalımızda da gəncəli azarkeşləri mütləq gözləyəcəyik. Çox gözəl bir zal, yaxşı tribunası var. Bizim onlara ehtiyacımız var. Çox gözəl qurulub, xüsusilə soyunub-geyinmə otaqları, tribunası basketbol üçün mükəmməl bir zaldır. Çox heyf ki, bizim bu zalımızda parketdə bəzi prablemlər var idi. Orada çətinlik çəkməyəcəyik”.
Klub yeni mövsüm təcrübəli yerli, eləcə də baracıqlı gənc və əcnəbi oyunçularla güclənərək yaxşı heyət formalaşdırmaq niyyətindədir. Bununla da yenidən çempionluğa iddialılar sırasında olmaq planlaşdırılır.
BƏHRUZ MUSAYEV, GƏNCƏ