Türkiyə yığmasının sabiq çalışdırıcısı Ştefan Kuntsun Azərbaycan milli komandasına baş məşqçi təyin olunacağı barədə xəbərlər yayılmaqdadır.
Futbolinfo.az almaniyalı mütəxəssisin AFFA-nın namizədləri sırasında olub-olmadığını bu qurumla dəqiqləşdirməyə çalışıb.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin bu xəbərlərə reaksiyası belə olub:
“Milli komandanın baş məşqçi postuna bir neçə namizəd var və onlarla danışıqlar davam etdirilir. Sadəcə məsələ konfedensial olduğu üçün ad çəkə bilmərik. Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və həmin toplantıda Azərbaycan milli komandasının baş məşqçi postuna təyinatla bağlı müzakirələr aparılacaq”.
Xatırladaq ki, ötən ilin sonunda italyan mütəxəssis Canni De Byazi yığmamızdan ayrılandan bəri baş məşqçi postu boşdur.