Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”sunun oyununda iğtişaş yaşanıb.
Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Şimal-Şərqi Regionalliqanın 32-ci turunda “Energi” ilə ev matçı zamanı tribunalarda ciddi qarşıdurma baş verib.
“Dinamo” fanatları pirotexniki vasitələri qonaq komandanın azarkeşləri tərəfə atıb, eyni zamanda Kottbus təmsilçisinin şərflərini yandırıblar. Bu, qarşılaşmanın dayandırılmasına, futbolçular arasında təşviş düşməsinə səbəb olub. Hətta görüş 15 dəqiqə dayandırılıb.
Problemlər matçdan sonra Berlin küçələrində daha da böyüyüb. Nəticədə 155 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıblar. Azarkeşlərdən isə 74-ü saxlanılıb.
Qeyd edək ki, Rüfət Dadaşovun da iştirak etdiyi matçda “Dinamo” rəqibinə 0:2 hesabı ilə məğlub olub.