Azərbaycan yığması Millətlər Liqasına hazırlıq çərçivəsində iyunda iki yoldaşlıq görüşü keçirəcək.

Futbolinfo.az xəbər verir ki, iyunun 7-də Albaniya ilə qarşılaşacaq millimizin bundan dörd gün sonra da Qazaxıstanla üz-üzə gələcəyi müəyyənləşib. Bu da A millimizin tarixi ərzində iyunun 11-də keçirəcəyi üçüncü qarşılaşma olacaq. Komandamızın 32 il ərzində indiyə qədər cəmi iki görüşü məhz bu tarixə təsadüf edib.

Yığma ilk dəfə 2003-cü ilin bu tarixində indiki “ASK Arena”da AVRO-2004-ün seçmə mərhələsi çərçivəsində Serbiya və Çernoqoriyanı qəbul edib. Əsgər Abdullayevin yetirmələri hesabda geri düşsələr də, 88-ci dəqiqədə Qurban Qurbanov və 90+1-ci dəqiqədə Fərrux İsmayılovun qolları sayəsində 2:1 hesablı qələbə qazanıb.

Lakin 2019-cu ildəki qarşılaşma uğursuzluqla yadda qalıb. Nikola Yurçeviçin rəhbərliyi altında AVRO-2020-nin seçmə mərhələsində hazırkı “Neftçi Arena”dakı rəqib Slovakiya olub. Meydandan 1:5 hesablı məğlubiyyətlə ayrılan yığmanın heyətində təsəlli qoluna Ramil Şeydayev imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi həm Albaniya, həm də Qazaxıstanla görüşləri Macarıstanın “Haladas SportKomplexum” stadionunda keçirəcək.

Shares: