Formula 1 üzrə Mayami qran-prisi ABŞ-də televiziya tamaşaçısı rekordunu qırıb. Bu barədə ESPN xəbər portalı məlumat yayıb.
Bu yarışı ABŞ-də televiziya vasitəsilə 3,1 milyon insan izləyib. Əvvəllər bu göstərici üzrə rekord 2022-ci ildə baş tutan Mayami qran-prisinə məxsus idi. O zaman yayıma 2,6 milyona yaxın tamaşaçı baxmışdı.
Bundan əlavə, qran-prinin sprint mərhələsini də 946 min insan izləyib. Bu rəqəm sprint formatın yarandığı vaxtdan bəri rekord göstəricidir. Bundan əvvəl sprintdə teleauditoriya rekordu 2023-cü ildə baş tutan və 883 min insan tərəfindən izlənilən Azərbaycan qran-prisinə məxsus idi.