İsveç klubu “Yurqorden” Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı ilə yayda yollarını ayırmağa hazırdır.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Stokholm təmsilçisi 22 yaşlı forvardın gedişinə qarşı deyil.

İdman direktoru Bosse Andersson əsas heyətə düşə bilməyən futbolçunun başqa komandada daha uğurlu çıxış edə biləcəyini düşünür. “Yurqorden” Qurbanlının icarəyə verilməsi variantını üstün tutur. Qurbanlının birdəfəlik transferi də mümkündür. Ancaq isveçlilərin bunun üçün şərti var.

Məsələ burasındadır ki, Musanı “Qarabağ”dan təxminən 1 milyon manata transfer edən “Yurqorden” onun satışından daha çox qazanc götürmək istəyindədir. Hətta hücumçunun performansının aşağı düşməsi də bu mənada rəhbərliyi narahat etmir. “Yurqorden” oyunçusuna 10 milyon İsveç kronu (1,5 milyon manat) qiymət qoyub. Bu məbləği verən klub olmasa, stokholmlular onu heyətdə saxlayacaqlar.

Hazırda Musa Qurbanlı ilə ən çox maraqlanan klub “Qarabağ”dır. Yerli KİV Ağdam təmsilçisinin rəsmi danışığa başlamasa da, Qurbanlını qaytarmaq fikrində olduğunu yazıb.

Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Shares: