Bu ilin yanvarında “Qəbələ”dən ayrılaraq Kiprin “Doha” klubuna keçən Omar Hani Azərbaycandan ayrılmağının səbəbini açıqlayıb. İordaniya millisinin yarımmüdafiəçisi futbolinfo.az saytına açıqlamasında həmin vaxt ölkəmizdə qalmaq istəyində olduğunu etiraf edib.

24 yaşlı oyunçu “Doha”ya keçidiyinin səbəbini də deyib: “İlin əvvəlində “Qəbələ”dən ayrılanda Azərbaycanda qalmağın əleyhinə deyildim. Lakin digər klublardan təklif gəlmədi. “Doha” isə daha əvvəldən məni istəyirdi. Klub prezidenti və baş məşqçinin böyük marağı seçimimdə həlledici rol oynadı. Kipr mənə yad ölkə olmadığı üçün bura qayıtmaqla bağlı heç bir tərəddüd yaşamadım. Sağ olsun “Qəbələ” rəhbərliyi, keçidimə maneçilik törətmədi”.

Omar Hani Azərbaycanda keçirdiyi 3 il ərzində insanların xoş münasibəti ilə qarşılaşdığını vurğulayıb: “Ümumiyyətlə, formasını geyindiyim klublarda bütün gücümü ortaya qoymağa çalışıram. “Qəbələ”də də belə idim. Oradan ayrılsam da, gözəl münasibətimiz hələ də qalır. Şəhəri və komandanı çox sevirəm. Ora mənə doğma yerdir. Azərbaycan da çox sevdiyim ölkədir. İnsanlar çox mehribandırlar, kömək etməyi xoşlayırlar”.

O, ölkəmizə qayıtmağın əleyhinə deyil. Hətta formasını geyinmək istədiyi klubların adlarını da açıqlayıb: “Dediyim kimi, Azərbaycanla bağlı yalnız xoş xatirələrim var. Bu səbəbdən ora dönməyə müsbət baxaram. Yaxşı təklif olarsa, niyə də qayıtmayım? Ölkənizdə olduğum zaman gördüm ki, əksər futbolçular “Qarabağ” və “Neftçi”nin formasını geyinməyə can atırlar. İnsanın futbol həyatında hər şey baş verə bilər”.

Qeyd edək ki, Omar Hani 2021-ci ildən bu ilin əvvəlinə qədər “Qəbələ”nin şərəfini qoruyub.

Shares: