Azərbaycan millisinin məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi

  • – Mövsüm başa çatmaq üzrədir, amma hələ də Misli Premyer Liqasında 2-ci və 3-cü yerləri kimin tutacağı, Avropa və Konfrans Liqasına hansı komandaların gedəcəyinə aydınlıq gəlməyib. Sizcə, indiki məqamda kimlərin şansı daha çoxdur?
  • – Hazırda dediyiniz yerlər və avrokuboklar üçün 4 komanda – “Zirə”, “Sabah”, “Neftçi” və “Sumqayıt” mübarizə aparır. Hər birinin şansı var. Sonadək mübarizə gedəcək. Məncə, həm 2-ci və 3-cü yerlərin, həm də Avropa və Konfrans Liqasına vəsiqələrin sahibi son turda müəyyənləşəcək.
  • “Turan Tovuz” və “Səbail”in son turlardakı uğursuz nəticələrini nə ilə əlaqələndirirsiniz?
  • Bunu onunla əlaqələndirərdim ki, hər iki komandada heyət baxımından stabillik çatışmır. Hər oyuna yeni “11-lik”lə çıxırlar. Heyətləri qeyri-stabil olduqları üçün nəticələri də qeyri-stabildir. Transferlərdən çox şey asılıdır. Yerli və əcnəbi transferlərin balansı olmalıdır ki, iddialı yerlər uğrunda mübarizə apara biləsən.
  • – “Sabah” son 4 oyunda qələbə qazanıb. Krunoslav Renduliçin doğru seçim olduğunu artıq deyə bilərik, yoxsa bunun üçün hələ tezdir?
  • – Təbii ki, “Sabah”ın ardıcıl 4 qələbə qazanması yaxşı haldır. Adətən yeni baş məşqçi gələndə futbolçular daha emosional, motivasiyalı olurlar. Amma Krunoslav Renduliçin doğru seçim olub-olmadığını yeni mövsümə komandanı yığmasından, yay hazırlıq prosesini özü keçməsindən, heyətdə etdiyi dəyişikliklərdən və məşqçinin qarşısına hansı hədəfin qoyulacağını biləndən sonra demək mümkündür. Əsas işi onda görünəcək.
  • – “Qəbələ”yə böyük ümidlərlə gətirilən Kaxaber Sxadadze vəziyyəti dəyişə və komandanı elitada saxlaya bilmədi. Bu haqda nə deyə bilərsiniz?
  • – “Qəbələ”nin bu hala düşməsi üzücüdür. Ən azından, bu klubun yaxşı infrastrukturu, akademiyası var, uşaq futbolu ən öndə gedənlərdəndir. Düzdür, yeni baş məşqçi gələndən sonra da nəticələrdə müsbətə doğru dəyişiklik olmadı. Amma bir məqamı qeyd etməliyəm. Baxın, görün, Kaxaber Sxadadze gələndən sonra akademiyanın nə qədər yetirməsinə şans verib, əsas komandada yeni adlar gördük. Son turda “Səbail” üzərindəki qələbədə akademiyanın futbolçuları böyük rol oynadılar. Kaxaberin bu addımını alqışlayıram. Klub çempionatın əvvəlindən bu strategiyanı icra etsəydi, daha yaxşı olar, nə qədər yerli futbolçu üzə çıxardı. Ötən mövsüm bitəndən sonra heyətin 50-60 faizi “Qəbələ”ni tərk etmişdi. Amma onların yerinə yenə legionerlər gətirdilər və yeni gələn əcnəbilər səviyyəli çıxmadı, komandanı uçuruma apardılar. Ondansa indiki gənc futbolçulara şans verilsəydi, Azərbaycan futbolu adına daha yaxşı iş görülmüş olardı.
  • – Növbəti mövsümdən komanda sayının 12-yə çatdırılması haqda məlumatlar dolaşır. Bunun baş verəcəyinə və “Qəbələ”nin liqada saxlanılacağına inanırsınız?
  • – Futbol ictimaiyyətinin hər bir üzvü kimi, mən də yüksək dəstədə 12 komandanın oynamasını, qeyd etdiyim amillərə görə “Qəbələ”nin liqada qalmasını istərdim. Amma bunun baş verib-verməyəcəyini bilmirəm. Gözləyək, görək, hansı qərarlar veriləcək. Bir az zamana ehtiyac var.

ABBAS

Shares: