“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində səfərdə “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Bu gün bərk komandaya qarşı oynayırdıq. Hansı ki, meydanda yaxşı mübarizə aparırdılar. Birəbir mübarizələri uduzmayan rəqibə qarşı oynadıq. Qələbə olsa da, asan deyildi. Futbolçularım çox əziyyət çəkdilər. Tam öz oyunumuzu istədiyimiz kimi göstərə bilmədik. Futbolçular qələbə üçün xeyli güc sərf etdilər. “Zirə”yə uğurlar arzulayıram.
Juninyonun hərəkətində geriləmə var. Məşqçi olaraq bunu başa düşürəm. Oyunlara motivasiya etmək asan deyil. Nə qədər futbolçuları motivasiya etsək də, onlar özləri də özlərini motivasiya etməyi bacarmalıdırlar. Görünür, tam istədiyim kimi alınmır. Bəlkə də, komandaya tam uyğunlaşmayıb. Bizim rejimdə, məşq proseslərimizdə, hər oyuna yanaşmağımızda, ola bilər tam dərk edə bilməyib. İnanın ki, hər şey yaxşılığa doğru gedir. Özü ilə də söhbətimiz olub. Gələn il daha yaxşı Juninyo görmək istəyirik”.