“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində doğma meydanda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Futbolçulara təşəkkür edirəm. Amansız mübarizə göstərdilər. İstəkli və aqressiv idilər. Yaxşı oyunlarımızdan birini keçirdik, rəqibimiz “Qarabağ” idi. Təəssüf ki, uduzduq. Çalışdıq, hesabı bərabərləşdirmək istədik. Alınmadı. Amma futbolçularımın bugünkü mübarizəsinə, istəyinə, əminliyinə görə fəxr etdim. Belə davam etməliyik. Qarşıda finala bərabər iki oyunumuz var.

Hakimlik haqda danışmaq istəmirəm. Hər şey ortadadır. Bunun üçün xüsusi mütəxəssis olmağa ehtiyac yoxdur. Məsələ eyni epizodlarda fərqli qərarların olmasındadır. VAR-a çağıran Cavid Cəlilovun “Qəbələ” ilə 5-ci turda VAR-a baxıb, penalti verilmədiyi epizoda baxsınlar. “Qarabağ”la görüşdə Elvin Cəfərquliyevin Məqsəd İsayevə arxadan “podkat” etdiyi epizod necə? O epizodlarda susub, bu epizodda Cavid Cəlilov Əliyar Ağayevi penalti üçün çağırırsa… Bu günün söhbəti deyil. Mövsüm başlayandan belədir.

Cavid Cəlilov çağırdı, təəccüblənmədim. Mən də epizoda baxırdım. Əliyarın ilk qərarı penalti deyildi. İnanmırdım ki, gedib qərarını dəyişərək penalti versin. Bir epizodda da Elvin Cəfərəquliyev Hacıağa Hacılıya qarşı kobud oynadı, orada da ikinci sarı vərəqə verilməliydi. Təəssüf ki, olmadı.

İndi kuboku düşünmürük. Qarşıda final matçlarımız var, onları fikirləşirik. Maksimum nəticələrlə ayrılmaq istəyirik”.

Shares: