Avrokuboklara vəsiqə uğrunda mübarizə kəskinləşir. Hər xal itkisi komandalar üçün faciəyə bərabər ola bilər. Ona görə də bundan sonra büdrəyən özünü qınamalıdır.

“Neftçi” 34-cü turda bu təhlükədən qaça bildi. Bakılılar çox ciddi heyət itkisi olan “Kəpəz”lə matça bərbad başlasa da, dönüş etməyi bacardı. Sıralanan qollar isə meydan sahiblərinin gücünün göstəricisi deyildi. Gəncəlilər əsas heyətin bir çox futbolçusundan məhrum olduğuna görə uzun müddət müqavimət göstərə bilmədi.

Amma istənilən halda böyükhesablı qələbə “Neftçi”yə psixoloji cəhətdən yardım edəcək. Komanda “Səbail”i məğlub etməyi bacarsa, son turda vəzifəni yerinə yetirə bilər. Düzdür, “Sabah”la ev oyunu da asan keçməyəcək, lakin növbəti turda büdrəmə olmasa, həmin matçda toparlanmaq daha asandır.

“Zirə”nin taleyi isə öz əlindədir. “Qarabağ”la matçda mümkün məğlubiyyət reallaşdı, indi qəsəbə təmsilçisinin iki nisbətən asan oyunu var. Əsas rəqiblərinin bir-biri ilə qarşılaşacağını nəzərə alsaq, “qartallar”ın avrokuboka yollanması özündən asılıdır.

“Zirə” dünən də xal qazana bilərdi. Amma “Qarabağ”la oyunda hakimlər buna mane oldu. Ağdamlıların lehinə təyin olunan penalti ədalətli deyildi, daha sonra isəmeydan sahiblərinin penaltisi cərimə meydançasının “kənarına çıxarıldı”. Bu, “Qarabağ”ın lehinə düşünülmüş ssenari deyildi, ağdamlıların belə qələbəyə ehtiyacı yoxdur, üstəlik komanda çempionluğu çoxdan təmin edib. Sadəcə, hakimlər “Zirə”ni “Qarabağ”ın li ilə vurub son turlara təzyiq altında çıxmasına nal oldu.

VAR-da əyləşən Cavid Cəlilovun niyyəti bəllidir. Tezlklə vəzifəsindən qovulacağını bilən bu hakim “Sumqayıt” üçün son yardımlarını əsirgəmir, üstəlik, ağasının tapşırığı ilə “Zirə”ni mümkün qədər büdrətməyə davam edir. Ən maraqlı olan Əliyar Ağayevin də kampaniyaya qoşulmasıdır. FIFA referisinin VAR-a baxdıqdan sonra elə qərarlar verməsi öz imicinə ciddi zərbə oldu.

Turun daha az maraq doğuran oyunundakı nəticə isə “Araz-Naxçıvan”ın aqibətini müəyyənləşdirdi. Muxtar respublika təmslçisi son iki turda “Kəpəz”lə 8-ci yer uğrunda mübarizə aparacaq. 7-ci pillədən aşağı düşməyəcəyi bəlli olan qərblilər isə mövsümün qalan hissəsini “Səbail”dən öndə qapamağa sərf edəcək. 3 oyunluq məğlubiyyət seriyasından sonra bu mövsüm heç bir şans vermədikləri “Araz-Naxçıvan” üzərində növbəti qələbə bu baxımdan önəmli oldu.

Bu gün avrokubokda iştiraka ümid edən daha iki komanda vacib görüşə çıxacaq. Elçin Məsiyevin “Sabah”ın Qəbələ səfərinə göndərilməsi diqqət çəkir. Bu hakim “Sumqayıt”a yardım etdiyi üçün cəzalanmışdı, indi isə “kimyaçılar”ın əsas rəqibinin matçında fit sahibi olacaq.

FƏRİD

Shares: