AFFA-nın yeni tərkibli İcraiyyə Komitəsi ilk iclasına yığışır. Düzdür, aprelin 2-də yenilər siftə etmişdi. Amma Hesabat-Seçki Konfransı günü reallaşan iclas daha çox tanışlıq xarakterli idi.
İndi isə artıq qərar vermək zamanıdır. “40-ı çıxmış” İcraiyyə Komitəsi üzvləri sabiqləri unutdurmaq üçün bu gün ilk cəhdini etməlidir. Məhz onların ilk qərarlarından sonra futbol təsərrüfatımızda gözlənilən dəyişikliklərin anonsu ilə tanış olacağıq.
Lakin İK-nın açıqlanmış Gündəliyindən bəlli olur ki, AFFA rəhbərliyi islahatlara tam hazır deyil. Yenilərin nə plan-strategiyası var, nə də vacib təyinatlar üçün hazırdırlar. Bu səbəbdən milli komandanın baş məşqçi postuna namizədlərin müzakirəsi “yaddan çıxıb”, əvəzində çeynənmiş mövzu olan legioner limiti yenidən aktuallaşıb.
1. AFFA-nın inkişafı strategiyasının müzakirəsi
– İnkişaf hədəflərinin müəyyən olunması
– Strategiyanın yazılması
Əslində, bu məsələ AFFA prezidentinin seçki ərəfəsindəki platforması olmalı, konkret hədəfə köklənmiş halda səhnəyə atılmalı və bu tezislərə görə ona səs verilməli idi. Amma Rövşən Nəcəf hazır kresloya əyləşib və indi strategiya cızılması üçün İK-nın iclasına gərək duyur. Heç olmasa, müzakirələrin fayda verəcəyinə ümid edək…
2. Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müzakirəsi
Əldə etdiyimiz bilgiyə görə, Gündəliyin gözləntilərin qarşılanması mənasında ən vacib bəndinin müzakirəsi sayın artması, reqlamentin dəyişməsi mənasında heç bir nəticə verməyəcək. I Liqa klublarının infrastrukturla bağlı tələblərə cavab verməməsi Premyer Liqada sayın artırılmasına imkan vermir. Elitada çıxış edən “Araz-Naxçıvan” muxtar respublikanın üzünü görmürsə, “Kəpəz” Gəncəyə həsrətdisə, I Liqa klubları daha bərbad vəziyyətdədir.
İdman prinsiplərinin qorunmasına riayət etmək istəyən AFFA, “Qəbələ”ni aşağı dəstəyə göndərməyə məcburdu. Bu komandanı əvəzləyəcək kollektivin kimliyinə aydınlıq gəlməyib. I Liqada yarış başa çatmayıb, hətta mövsüm yekunlaşandan sonra da çempionun lisenziya tələblərinə cavab verəcəyi bilinmir. Belədə tam hazır olan, lakin daha aşağı yer tutan hansısa komandaya şans veriləcək. Belə komandaların sayı isə 1-dən artıq deyil. Deməli, “Qəbələ”nin xilası üçün 12 komandalıq yarışı təşkil etmək mümkün olmayacaq.
3. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi
Söhbət “7+4”-ün “8+3”-ə dəyişdirilməsindən gedir. Bu məsələdə fikirlər haçalanır, yekdil fikir yoxdur. Yəqin ki, limit dəyişikliyi daha çox Premyer Liqada komanda sayının artırılması halında mümkün olacaq.
4. 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi
Büdcədə böyük dəyişiklik gözlənilmir. Bununla belə, yeni rəhbərlik yeni layihələrə start verməlidir və bunun üçün əlavə maliyyəyə ehtiyac duyulacaq. Ola bilər ki, I və II Liqa, hətta Premyer Liqa klublarına yardım artırılsın.
Gündəlikdə “Digər məsələlər” bəndinin olmaması göstərir ki, hansısa sürpriz qərar olmayacaq. Yəni, yalnız müzakirəsi zəruri bilinən məsələlər ətrafında iclas reallaşacaq.
Böyük əksəriyyət bugünkü iclasda aşağı yaş qruplarından ibarət milli komandalara təyinatlar gözləyirdi. Lakin texniki direktor postu ilə bağlı qərar verilmədiyindən, bu məsələ daha sonraya saxlanılıb. AFFA rəhbərliyi bu vəzifəni əcnəbi mütəxəssisə tapşırmaq, daha sonra məşqçi seçimləri etmək niyyətindədir. Danışıqlar yekunlaşmadığından ilk iclasda bu məsələ “unudulacaq”.
Əsas milli komanda ilə bağlı məsələdə də vəziyyət eynidir. Stefan Kuntsun namizədliyi birdəfəlik aradan qalxıb, digər məşqçilərlə danışıqlar isə yekunlaşmayıb. Xüsusilə Vladimir Vayss yekun cavabını verməyə tələsmir. “Slovan”la da paralel olaraq danışıq aparan slovakiyalının son sözünü deməməsi AFFA-nı çətinə salıb.
Lakin istənilən halda, qeyd etdiyimiz məsələlərin müzakirəsi iyun ayına qalmayacaq. Məsələlər barədə kollegial qərar vermək, İcraiyyə Komitəsini daha işlək quruma çevirmək istəyən AFFA rəhbərliyi yayadək az qala hər həftə yığışmaq niyyətindədir. Bu səbəbdən may ayı boyunca strateji məsələlərlə bağlı qərarlar çox olacaq.
Rəsmi təsdiqini tapmasa da, AFFA-nın əsas məsələləri kənara qoyub Marketinq Departamentinə təyinat reallaşdırması haqda söz-söhbət var. Maraqlıdır ki, Rövşən Nəcəf “Neftçi”dəki biabırçılıqdan dərs çıxarmayıb və eyni səhvə hazırlaşır. Amma görünən odur ki, “suya gedirlər”, tutduqları postun, öhdələrinə düşən missiyanın fərqində deyillər, dost-tanış üçün şərait yaratmaqla məşğuldurlar. Son xəbərdarlıq-müraciətdə fayda var: Ay suyagedənlər, futbol sizin üçün oyuncaq deyil, hörmətdən düşmək, karyeranızı itirmək üçün belə səhvləriniz bağışlanmaz olacaq!
ABBAS