“Oyun bizim üçün vacib idi. Qələbə qazanmaq istəyirdik və buna da nail olduq. Nə qədər çətin olsa da…” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Murad Musayev deyib.
O, Misli Premyer Liqasının 34-cü turunda “Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan söz açıb. Musayev həmçinin komandanın əsas çempionatdan düşməsindən sonra iki qələbə qazanması, lakin şans qalarkən bunu edə bilməməsi ilə bağlı suala da cavab verib : “Əvvəllər oyunları udmağa çox güc sərf edirdik. Sadəcə, alınmırdı. Əlimizə düşən imkanlardan yararlana bilmirdik. İndi isə bunu bacarırıq. Həm də bir az rahat oynayırıq. Məncə, bunun da qələbələrdə rolu var. Əvvəllər üstümüzdə təzyiq çox idi”.
Müdafiəçi komandanın aşağı liqaya düşməsinin Azərbaycan futbolu üçün böyük itki olacağını da sözlərinə əlavə edib: “Həm çox böyük itki, həm də ağır olacaq. Çünki bu klub futbolumuza çox şey verib. Təəssüf edirəm ki, bu il bizim üçün belə alındı. AFFA-nın çempionatda komanda sayını artıracağına ümid edirəm. “Qəbələ” bir dəfə güzəşti haqq edir, buna layiqdir. İstənilən halda aşağı liqada oynasaq da, Premyer Liqaya geri dönəcəyik”.