(əvvəli bu linkdə)

İdman xəbərləri proqramı üçün hadisələrin çox olması bir sıra problemlərə gətirib çıxarır. Əsas problem məzmunla bağlı olur. Xronometrajın çərçivəli olması, daha çox vacib hadisələrin önə çıxması ilə nəticələnir.

Əsas prioritet xəbərin önəmi olduğuna görə, xəbər süjetlərinin ardıcıllığı daha maraqsıza doğru gedir. Burada da əlavə dəyərlər aradan qalxır. Doğrudur, xəbər yayımlayan kanalın siyasəti fərqli də ola bilər. Lakin cəmiyyət bu siyasətlərin ayaqda qalmasına imkan vermir.

Xəbər süjetlərinin buraxılışda ardıcıllığına əlavə faktorlar da təsir edə bilir. Onlar daha çox auditoriyanın qəbulunun effektivliyinə xidmət göstərir:

1. Xəbər buraxılışında ardıcıllıq elə qurulur ki, tamaşaçı ən əhəmiyyəsiz süjeti də izləyir. Bunun üçün , həmin süjet hansısa əhəmiyyətli materialların arasında yerləşdirilir.

2. Xəbərlərdə prioritet idman hadisəsinin vacibliyi və böyüklüyünə verilir. Bu, həmin yarışın konkret ölkədə marağından və coğrafiliyindən asılıdır. Buna bir misal çəkək(vacibliyin tədricən aşağı düşməsi qrafiki ilə): Olimpiya oyunları – dünya çempionatı – qitə çempionatı – ölkə çempionatı – region birinciliyi.

3. İcitimai-siyası jurnalistikada qəbul edilmiş ənənələrə görə, süjet üçün ən gözəl yer buraxılışın əvvəli və sonudur. İdman jurnalistikasında isə bu belə deyil. Burada daha önəmlidən daha əhəmiyyətsizə doğru materiallar düzülür.

4. Düzülüş , adətən, redaktor siyasətinə uyğun olaraq hadisənin vacibliyi və aktuallığını göstərir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, son vaxtlar 4-cü bəndin önəmi bir neçə dəfə artıb.

İkinci problem: İnformasiya axının çoxluğu

tv1 - Futbolinfo.az

İl ərzində baş verən hadisələrin çoxluğundan başqa , jurnalistika, həmin hadisənin daxilindəki informasiya bolluğu ilə də rastlaşır. Hadisənin özü əsas statistika, turnir statistikası, vacib məqamlar, konkret idmançının statistikası, vacib tarixi və coğrafi faktlarla zəngin olur. Bütün bu faktları auditoriyaya, həm bir cümlə, həm də ayrıca süjetlə çatdırmaq mümkündür.

Müasir televiziya idman xəbərləri audiovizual informasiyalarla da doldurulur. Qaçan sətirlər, titrlər, yan infoqrafika, çıxıb-yox olan anonslar buna misal çəkilə bilər. Tamaşaçının diqqəti bir yerdən başqa yerə keçir, onun xəbəri qəbul etməsi qarışıq alınır.

Müasir tamaşaçıdan hazırda həm diktora qulaq asmaq, həm də qaçan sətirləri oxumaq, infoqrafikanı dərk etmək tələb edilir. Bununla bərabər auditoriya süjeti anlamalı və yadda saxlamalıdır. Diqqəti bir yerdə saxlamaq çətin olduğuna görə, belə materiallar qəbul üçün çətinliklər törədir.

Bir tərəfdən xəbər proqramının müəllifinin istəyi bəllidir: auditoriyaya maksimal sayda informasiya çatdırmalı, efirin hər saniyəsindən istifadə etmək lazımdır. Nəticədə isə, belə zəngin xəbər formatı adi tamaşaçı üçün görmək , anlamaq və yadda saxlamaqda problemlər yaradır.

Üçüncü problem: maliyyə

Telejurnalistikanın qarşısında dayanan digər problemlərdən biri də , məhsulun hazırlanmasının maya dəyərinin yüksək olmasıdır. Müxbir, redaktor, operator, texniki mütəxəssislər, studiya, texniki otaqlar, “newsroom”,  informasiya agentliklərinə abunəlik haqları və digər yüzlərlə xərclər yeni media ilə müqayisədə lazımınca kompensasiya edilmir.

Təbii ki, telekompaniya şəxsi xəbər məhsulunun maya dəyərini bacardığı qədər aşağı salmağa çalışır. Bəzi hallarda isə, ümumiyyətlə ondan imtina edir. Efir vaxtını qoruyub saxlamaq üçün xəbər proqramları hər gün yüksək keyfiyyətli süjetlər təqdim etməlidir. Bunu etmək isə asan məsələ deyil. Burada kifayət qədət təşkilatı problemlər mövcuddur.

18 23 1526643670 - Futbolinfo.az

Dördüncü problem: efirin ciddi çərçivəsi Xəbər buraxılışının vaxtı əvvəlcədən müəyyən edilir. Bu, uzunmüddətli ola bilir. Müddət hadisənin vacibliyindən , ora alınan akkreditasiya sayından, yayım hüququnun alınmasından asılı olur. İdman jurnalistikasında materialın efirə getməsinin son müddətinə ciddi diqqət verilir. Yarışın nəticələrini auditoriyaya xəbərlər vasitəsilə mümkün qədər daha tez çatdırmalısan. Buna görə də, idman jurnalistikasının əsas bacarıqlarından biri, yarış bitəndən 10 dəqiqə gec olmamaq şərtilə materialı hazır etməkdir. Əməkdaşlar çəkilişin təşkili və efirqabağı süjetə qədər olan prosesləri düzgün tənzimləməldirilər. Xəbər buraxılışlarının efir vaxtının dəqiqıiyi və yerdəyişməyə məruz qalmaması ən böyük problem yaradan amillərdəndir. Əvvəllər bu amil telejurnalistikaya üstünlük verirdi. İndi isə bunun əksini söyləmək olar. Belə ki, tamaşaçı yarışın nəticəsini öyrənmək üçün xəbər buraxılışını gözləməkdə maraqlı deyil. Bunun üçün artıq internet KİV-i, sosial şəbəkələr var. Çap mətbuatı bu mənada daha az operativdir. Televiziya , bu mənada , heç olmazsa, müəyyən qədər imkanlarını qoruyub saxlayır. Lakin , bununla belə xəbərlər, informasiya məhsulu kimi populyarlığını itirir. İdman gündən-günə daha böyük operativliyi tələb edir. Bir saat əvvəl baş verənlər artıq xəbər deyil. Arena, stadion və kortlarda baş verənlər canlı şəkildə maraqlıdır. Hər dəqiqə “canlı efir” yeni media tərəfindən təqdim edilən, əvvəlki qaydaları dağıdan elementdir. Televiziya ayaqda qalmaq üçün İnternet dairsinə daxil olur. Onu da əlavə etmək lazımdır ki, tamaşaçının televizora bağlılığı gündən-günə aşağı düşür: auditoriya artıq daha mobildir və televiziyanı özüylə daşıyır. Bu səbəbdən də telekanal keyfiyyətli onlayn yayım verməli və yaxud da, materialları şəbəkəyə bacardığı qədər daha sürətlə yerləşdirməlidir.

(davamı olacaq)

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: