“Kəpəz”in kapitanı Yeqor Xvalkonun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə Misli Premyer Liqasının XXXIV turunda “Neftçi”yə 1:5 hesabı ilə uduzduğunuz oyundan başlayaq. Niyə bu cür hesab qeydə alındı?

– Bu hesabı gözləmirdik. Məncə, heç kəs oyunun belə hesabla nəticələnəcəyini ehtimal etmirdi. Prinsipcə, ilk hissə bizim üçün pis keçmirdi. Hesabı açmışdıq, sadəcə, üstünlüyümüzü fasiləyədək saxlamalı idik. Fasiləyə 1:0 hesabı ilə öndə yollansaydıq, nəticə başqa cür olardı. Amma biz bunu bacarmadıq və 3 dəqiqə ərzində 2 qol buraxdıq. Yəqin ki, bundan sonra “sındıq”. Rəqib isə ilk hissənin sonlarında vurduğu ardıcıl qollardan sonra daha sərbəst oynamağa başladı.

– “Neftçi”nin hücumçusu Andre Şinyaşiki bu görüşdə 3 qol və 1 məhsuldar ötürmə müəllifi oldu. “Kəpəz”in müdafiə xəttinin onu dayandıra bilməməsini nə ilə izah edərdiniz?

– Bu suala cavab vermək çətindir. Yaxşı xatırlayıram, “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdiyimiz oyunda isə Filip Ozobiç qapımıza 3 qol vurmuşdu. Futbolda belə hallar olur. Şinyaşikinin haqqını vermək lazımdır, yaxşı oyun keçirdi. Bizim çıxışımız haqda isə eyni sözləri demək mümkün deyil.

– Matçdan sonra baş məşqçiniz Adil Şükürov futbolçulara nə dedi, hansı iradlarını çatdırdı?

– Oyundan sonra heç nə demədi. Düşünürəm ki, həmin anda nəsə deməyin xeyri olmayacaqdı. Bu məğlubiyyətdən ayrı-ayrılıqda hər birimiz nəticə çıxaracağıq.

– Növbəti oyununuz “Zirə”yə qarşı olacaq. Şansları necə dəyərləndirirsiniz?

– Meydana azarkeşlərimizi sevindirmək məqsədilə çıxacağıq. Təbii ki, bunun üçün yaxşı nəticəyə imza atmaq lazımdır.

– Hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşsanız da, 9-cu olan “Araz-Naxçıvan”la eyni xala maliksiniz. İndiki mövqeyinizdə sonadək qala biləcəksiniz?

– Son ayları yaxşı keçirdik, layiqli performans göstərdik. “Qarabağ” və “Neftçi”yə böyük hesabla uduzduğumuz görüşləri çıxmaq şərtilə, bütün matçlarda inamlı təsir bağışladıq, imkanlarımız daxilində nə etmək mümkün idisə, etdik. Son iki oyunda da əlimizdən gələni əsirgəməyəcəyik.

– “Kəpəz”in cari mövsümdəki çıxışını ümumi olaraq necə qiymətləndirirsiniz?

– Şəxsi fikrim belədir ki, mövsümün əvvəlində bizdən gözlənilən nəticədən də yaxşısına imza ata bildik. Sezonun startı bizim üçün uğursuz alınsa da, sonra vəziyyəti lehimizə dəyişməyi bacardıq. Özümüz çətin duruma düşdük, özümüz də o durumdan çıxdıq. Turnir cədvəlindəki hazırkı mövqeyimizin ədalətli olduğunu düşünürəm.

– “Kəpəz”lə müqavilənizin müddəti mövsümün sonunda bitir. Növbəti sezonda da Gəncə klubunun formasını geyinəcəksiniz, yoxsa planınız başqadır?

– Bəli, müqaviləm yayda başa çatır. Karyeramla bağlı hələ dəqiq söz deyə bilmərəm. Çünki danışıqlara başlamamışıq. Məncə, qarşıdakı iki oyundan sonra buna aydınlıq gələcək.

CAVAD

Shares: