Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının formasını geyindiyi İsveç “Yurqorden”i 2024-2025 mövsümündə Konfrans Liqasında Azərbaycan klublarına rəqib ola bilər.

Futbolinfo.az xəbər verir ki, buna səbəb Stokholm təmsilçisinin növbəti mövsümə II təsnifat mərhələsindən başlamasıdır.

Həmçinin, Azərbaycan təmsilçiləri də mübarizəyə həmin mərhələdən qoşulacaqlar. “Yurqorden” yüksək əmsala malik olduğundan, püşkatma zamanı səpələnmişlərdə qərarlaşacaq. Bu isə o deməkdir ki, “Sumqayıt”, “Zirə” və “Sabah”dan hansılar Konfrans Liqasına vəsiqə qazansa, potensial rəqiblərdən biri “Yurqorden” olacaq. İsveç klubu ilə yanaşı, “Gimaraeş” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya) və “Hayduk”un (Xorvatiya) da ölkəmizə səfər etməsi istisna deyil.

Yalnız “Neftçi” bu baxımdan istisnadır. Reytinq əmsalı yüksək olan “ağ-qaralar” Konfrans Liqasına yollansa, II raundda səpələnmişlərdə, yəni güclülər arasında olacaq. “Neftçi”nin mümkün rəqibləri arasında “Proqres” (Lüksemburq), “Puşkaş Akademiyası” (Macarıstan), “Sent-Patriks” (İrlandiya), “İlves” (Finlandiya), “Kliftonvill” (Şimali İrlandiya) və “Transinvest”in (Litva) yer alacağı artıq dəqiqdir.

Qeyd edək ki, Konfrans Liqasında 2024-2025 mövsümünün II təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq.

Shares: