Formula 1-in prezidenti Stefano Domenikali Emiliya-Romanya qran-prisindən əvvəl İtaliyanın təqvimdə mühüm yer tutduğunu qeyd edib. Lakin bununla bərabər o, vətənində – İmola və Monzada iki yarışın qalacağına söz verməyib.

“İtaliyada mərhələlər çempionat təqviminin mərkəzi hissəsidir, lakin biz onların promouterlərinin resursları, eləcə də trasların infrastrukturu ilə bağlı problemlərdən narahatıq. Bu problemlər həll olunmalıdır. Əgər bu gün bəzi ölkələrin sərmayə qoymaq, bizimlə əməkdaşlıq etmək, uzunmüddətli planlar qurmaq həvəsi yoxdursa, o zaman həmin yerlərin qran-prisiz qalmaq riski var.

Bu məsələdə biz qarşı tərəfə ilin sonuna qədər vaxt veririk. Sonra vəziyyəti yenidən qiymətləndirəcəyik.

2026-cı ildən sonra İtaliyada hər iki mərhələni qorumaq nəzəri cəhətdən mümkündür, lakin hazırda bu barədə danışmaq kifayət qədər çətindir. Bu planlara obyektiv səbəblər mane olur. İstənilən halda dəyişiklik prosesini sürətləndirməyə ehtiyac var və bu, təkcə yarış traslarının təhlükəsizliyi ilə bağlı deyil, həm də azarkeşlərə təklif olunan xidmətlərə aiddir.

Bir çox ölkələr Formula 1 yarışlarını keçirmək istəyir, həm Asiyada, həm də ABŞ-da çempionata maraq artır. Madridin uğurlu təşəbbüsündən sonra Avropada da nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur.

İmoladakı qran-pri hər mənada xüsusidir, bizə zamanın nə qədər tez keçdiyini xatırladır. Ayrton Senna və Roland Ratzenbergerin faciələri, keçən ilki sel. Bu dramatik hadisələr təhlükəsizliyə yanaşmaları dəyişdirib, təbii fəlakətdən sonra isə insanların normal həyata necə qayıtdığını göstərib”, – deyə Stefano Domenikali “La Qazetta Della Sport” qəzetinə müsahibəsində bildirib.

Shares: