“Sabah “Qaradağ Lökbatan”la görüşə hazırıq. Komandamız 100 faiz gücü ilə bu matçda çıxış edəcək” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov deyib.

Təcrübəli çalışdırıcı sabah I Liqanın 26-cı turunda “Qaradağ Lökbatan”a qarşı keçirəcəkləri qarşılaşmadan söz açıb. O, Premyer Liqaya vəsiqə uğrunda mövsümün matçı olacaq oyundan öncə komandada heç bir təzyiq və həyəcanın olmadığını bildirib: “Heç bir zədəlimiz və cəzalımız yoxdur. Bu, sevindirici məqamdır. Uşaqların üzərində heç bir təzyiq yoxdur. Rəhbərlik də bizim üçün hər cür şərait yaradıb. Bizim üçün sıradan bir çempionat matçıdır. Yəni bu cür də hazırlaşmışıq”.

Məmmədov bu oyuna yalnız qələbə üçün çıxdıqlarını da sözlərinə əlavə edib: “Yalnız qələbə istəyirik. Bunu qazanmaq üçün meydana çıxacağıq. Premyer Liqaya vəsiqə əldə edə bilməsək, hardasa bizim üçün faciə sayıla bilər”.

Mütəxəssis Premyer Liqaya dönəcəkləri halda iddialı komanda formalaşdıracaqlarını açıqlayıb: “Əgər Premyer Liqaya dönsək, iddialı olacağıq. Siz bizi əsas çempionatda güclü komanda kimi görəcəksiniz”.

Shares: