“Qarabağ”ın sabiq futbolçusu Sedat Saini Azərbaycanda keçirdiyi dönəmi xatırlayıb.

Bosniya və herseqovinalı keçmiş müdafiəçi futbolinfo.az saytına açıqlamasında Ağdam təmsilçisinin uğurlarından bəhs edib.

38 yaşlı mütəxəssis bunu planlı işin nəticəsi hesab edib: “Azərbaycan futbolunu və “Qarabağ”ı hələ də izləyirəm. Keçmiş komandamın avrokuboklardakı əksər matçlarına baxmışam. Ölkənizlə bağlı unudulmaz xatirələrim var. 15 ilə yaxındır oranı tərk etsəm də, tanışlarıma indi də Azərbaycan, “Qarabağ” barədə xoş fikirlər səsləndirirəm. Rəhbərlikdən tutmuş, bütün əməkdaşlara qədər hər kəs klubun uğurları üçün çalışırdılar. Qarşılarına konkret hədəflər qoydular və bu istiqamətdə də ildən-ilə böyüdülər”.

Hazırda Kosovonun “Drita” klubunda köməkçi-məşqçi kimi fəaliyyət göstərən Saini “Qarabağ”ın bu mövsüm Avropa Liqasında 1/8 finala qədər irəliləməsini parlaq nəticə adlandırıb: “Bayer”lə keçirdikləri hər iki matçı izlədim. İnanmıram ki, bu mövsüm hansısa komanda “Bayer”ə “Qarabağ” qədər çətin anlar yaşadıb. Məncə, Qurban Qurbanovun komandasının bu görüşlərdə bəxti gətirmədi. Çünki hər iki qarşılaşmada rəqib son dəqiqə qolları sayəsində məğlubiyyətdən qurtuldu. “Bayer”in cari mövsümdəki ümumi nəticələri də “Qarabağ”ın doğru yolda olduğunu göstərir”.

Qeyd edək ki, Sedat Saini 2008-2010-cu illərdə “Qarabağ”ın formasını geyinib, Azərbaycan Kubokunu qazanıb.

Shares: