“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri italiyalı jurnalist Qvido Vaçaqonu hədələyib. Qalmaqal İtaliya Kubokunun finalında Turin təmsilçisinin “Atalanta” üzərində 1:0 hesablı qələbəsindən sonra mətbuat konfransına aparan yolda yaşanıb.

“Tuttosport” nəşrinin baş redaktorunun sözlərinə görə, 56 yaşlı mütəxəssis onu yalan məlumatlar yaymaqda günahlandırıb: “Alleqri qalib olduğu axşam mətbuat konfransında çıxış etməli olsa da, mənim üçün bir neçə dəqiqə tapdı. Mənə “Sən zibil redaktorsan! Hə, çox pis redaktorsan. Qəzetinizdə həqiqəti yazın, klubların sizə diqtə etdiklərini yox! Klublara yaltaqlanmağı qurtarın!”, – dedi.

Ondan sakit olmağını və hansı həqiqəti gizlətdiyimi söyləməyini istəyəndə isə yaxamdan dartıb üstümə qışqırmağa başladı: “Qulaq as, mən hara gəlib səni tapacağımı bilirəm. Səni harada axtaracağımı bilirəm. Gəlib hər iki qulağını qoparacağam! Üzünə sillə vuracağam! Qəzetdə həqiqəti yaz!”

Qeyd edək ki, Massimiliano Alleqri finalın 90+5-ci dəqiqəsində ehtiyat hakimə kəskin şəkildə etiraza görə qırmızı vərəqə görüb. Mütəxəssisin mövsümün sonunda “Yuventus”dan göndəriləcəyi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp